Qurban Qurbanov: “Rəşad Sadıqovun məşqçi kimi böyük potensialı var”

  • By admin
  • 08 Mart 2020 21:15

“Komandamı təbrik edirəm. Çox yaxşı oyun oldu”.

Gununsesiaz.info-nun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda “Keşlə” üzərində qazanılan (2:0) səfər qələbəsi haqda danışarkən deyib.

“ASK Arena”dakı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının qalibiyyətini dəyərləndirib: “Hər iki komanda bu gün özünü yaxşı tərəfdən göstərdi. Get-gedə komandalar oyun formasını yaxşılaşdırırlar. Qış hazırlığından sonra klublar daha düzgün oyun sərgiləyirlər. Bu gün asan oyun olmadı. Hər matça bu cür motivasiya ilə çıxmalıyıq”.

– Ailton Silvanı artıq neçənci oyundur əvəzləyirsiniz. Maksim Medvedevi sol cinah müdafiəçisi mövqeyinə hazırlayırsınız?

– Ailton cəzalı olduğu üçün bir oyunu buraxmışdı. Performansı 90 dəqiqəyə çatmır. İkinci hissədə yorğunluğu hiss olunurdu. Başqa bir səbəbi yoxdur.

– Abdullah Zubiri pleymeyker mövqeyində oynatdınız. Bu dəyişiklik effektini verdimi?

– Bu gün mövqe dəyişikliyi etdik. Əvvəlki oyunlarda da belə addım atırdıq. Bu gün sırf rəqibə görə belə gedişə əl atdıq. Zubirə sərbəstlik verdik. O da özünü pis tərəfdən göstərmədi.

– Deyilənə görə, Rəşad Sadıqov bu gün karyerasını bitirəcək və millinin sükanı arxasına keçəcək. Buna münasibətiniz necədir?

– Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Uzun illər komandamızda olan futbolçuya belə hörmətlə yanaşırlar.

Onun adının milli ilə hallanmasına sevinirəm. Rəşadın böyük potensialı var. Həm futbolçu, həm də məşqçi kimi. Futbolçularımızın, məşqçilərimizin yaxşı yerlərdə olmasına sevinirəm. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir.

 

 

Gununsesiaz.info