“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb.
Gununsesi.info Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, görüş “Bayer”in Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” otelində baş tutub.
Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. Q.Qurbanov “Bayer”in Bakıya uçuşunun necə keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib. Qurbanov qonağa Azərbaycan, ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib.
Alonso səmimi münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspaniyalı mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb. Alonso bildirib ki, komandalar arasında dostluq münasibətləri yarandığı üçün həm yenidən Bakıya gəlmək və görüşmək, həm də rəqib olmamaq istəyi olub.
Görüşün sonunda Qurban Qurbanov Alonsoya xüsusi hazırlanmış əl işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib. Mütəxəssislər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçı bu gün saat 21:45-də başlayacaq.
Gununsesi.info