
Xəbər verdiyimiz kimi Türkmənistanda “Türkmən xalqının Milli Lideri haqqında” xüsusi qanun qəbul edilib.
Keçmiş prezident Qurbanqulu Berdımuhammedova “Arxadağ”, “Türkmən xalqının fəxri ağsaqqalı”, “Türkmənistan Qəhrəmanı” titullarından sonra bu qanunla Milli Lider statusu da verilib. O, toxunulmaz elan olunub.
Q.Berdımuhammedovun təklifi ilə Konstitusiyaya dəyişiklik edilərək parlamentin yuxarı palatası – Xalq Məsləhəti ali nümayəndəlik orqanına, aşağı palata olan Məclis isə təkpalatalı parlamentə çevrilib.
Xalq Məsləhətinə prezident və digər yüksək vəzifəli şəxslər, deputatlar daxildir. Onların hamısının fəaliyyətinə şəxsən Xalq Məsləhətinin sədri Qurbanqulu bəyin özü rəhbərlik edəcək. Beləliklə, o, yenidən dövlətin 1-ci siması olacaq.
Politoloq Şahin Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirib ki, Qurbanqulu Berdımuhammedovun bu qərarına səbəb onun gələcəyə inamının olmamasıdır: “Görünür, Arxadağ oğlunu prezident seçdirdikdən bir qədər sonra şübhəyə düşüb və belə qənaətə gəlib ki, həyatdır, bilmək olmaz, Sərdar yerini möhkəmlətdikdən sonra onu idarəetmədən kənarlaşdıra bilər. Ona görə də yaxşısı budur ki, indidən tədbir görüb, hazırda davam edən faktiki liderliyini hüquqi olaraq təminat altına alsın.
Paradoksal hal budur ki, Qazaxıstanda Nursultan Nazarbayevin Elbaşı statusu və digər imtiyazlarının əlindən alınıb, sistemin nazarbayevsizləşdirilməsinin həyata keçirildiyi bir dövrdə Türkmənistan qonşu və qardaş ölkənin bu mənfi təcrübəsini təkrarlayır. Halbuki məntiqlə, Qazaxıstandakı hadisələrdən dərs çıxarılmalı idi”.
Elmar Elnuroğlu
Gununsesi.info