Quru sərhədləri açılsa, nə baş verəcək? – Ekspert ilkin şərtləri AÇIQLADI

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 330,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gununsesi.info xəbər verir ki, gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 25,3 faizi Türkiyə, 14,7 faizi İran, 6,1 faizi Gürcüstan, 3,2 faizi Ukrayna, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olub. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Pandemiya dövründən sonra ilk dəfədir ki, ölkəmizə gələn turist sayında artım müşahidə olunub. Onların sayındakı artımın ölkəmizə nə kimi fayda verəcəyi isə hər kəsi maraqlandıran məsələdir.

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, pandemiya zamanı turistlərin gələ bilmədiyini nəzərə alsaq, cari rəqəmlər qənaətbəxşdir amma:

“Azərbaycana gələn turist sayının keçən ilə nisbətən artması, pandemiya qaydalarının yumşaldılması və bütün dünyada uçuşların bərpa olunması ilə bağlıdır. Buna görə də turist axınının artması təbii haldır. Amma quru sərhədlərin bağlı olması turist sayının artmasına mənfi təsir göstərir. Quru sərhədlər də açıq olsaydı yəgin ki, ölkəyə daha çox turist gələrdi. Demək olar ki, ölkəyə gələnlərin 99%-i hava nəqliyyatından istifadə etmək məcburiyyətində qalır. Uçuş biletlərinin də qiymətləri də əl yandırdığı üçün əksəriyyət səyahətə maraq göstərmir və turist sayında artma halı müşahidə olunmur”.

Ekspertin sözlərinə görə, quru sərhədlərinin açılması ölkəmiz üçün daha çox turist və daha çox mənfəət deməkdir:

“Ölkəyə gələn turist sayının artması iqtisadiyyata müsbət təsir göstərir. Çünki gələn qonaqlar istər iaşə obyektlərində, istərsə də əyləncə və digər yerlərdə böyük məbləğdə pul xərcləyirlər. Bununla da dövriyyə artır və canlanma yaranır. Biletlərin qiymətlərində ucuzlaşma olarsa, həmçinin quru sərhədlər açılarsa daha böyük fayda götürmək olar”, – deyə N.Cəfərli quru sərhədlərinin açılmasını vacib görüb.

Gununsesi.info