Qutulara topa-topa bülleten atanlar həbs ediləcəkmi? - QANUNVERİCİLİK CİNAYƏT MƏSULİYYƏTİ NƏZƏRDƏ TUTUR

  • By admin
  • 27 Sentyabr 2016 16:58

 

topabulle

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər haqqında referendum keçirilib. Gununsesi.info-nun xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK)  açıqladığı ilkin məlumatlarda seçicilərin iştirakı 70 faizə yaxın göstərilsə də, obyektiv müşahidələr zamanı  seçki saxtakarlığını əks etdirən video-faktlar sosial şəbəkələrdə yerləşdirildi.  Bir sıra KİV-lərdə Milli Şuraya istinadən ayrı-ayrı məntəqələrdən aldığı məlumatlarda bu öz əksini tapıb.  Belə ki, referendumda xüsusi dəstələrin məntəqələr üzrə gəzdirilməsi (“karusel” əməliyyatı), bəzi məntəqələr üzrə seçki qutularına topa-topa bülletenlərin doldurulması, seçicilərin yerinə ya məntəqə komissiyalarının üzvləri, ya da saxtakarlığa cəlb edilmiş başqa şəxslərin səs verməsi, hətta, ayrı-ayrı epizodlarda boş qutuların əvvəlcədən bülletenlərlə doldurulmuş qutularla əvəzlənməsi də açıq aydın görünür. Bütün bu saxtakarlıq faktları müxtəlif media təmsilçiləri və fəal vətəndaşlar tərəfindən video görüntülərlə təsbit edilib. Sadalanan saxtakarlıqlar hətta, MSK-nın seçki məntəqələrindəki müşahidə kameraları vasitəsilə də qeydə alınaraq ictimailəşdirilib. Saxtakarlıq faktlarını daha çox “Azadlıq” qəzeti, “Azadlıq” radiosu və “Meydan” TV-nin sayt və feysbuk səhifələrində bu haqda qaynar xəttlə nümayiş etdirdilər.

Seçki Məcəlləsinin 159 və 160 maddəsinə əsasən isə seçki prosesində saxtakarlıqlara və nöqsanlara yol vermələrə görə şəxs və ya şəxslər  cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. 

Bundan başqa Cinayət Məcəlləsininin 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma, habelə, həmin məcəllənin (Maddə 160)-Seçki (referendum) komissiyalarının işinə  müdaxilə  etmə  və  ya təsir göstərmə,  eyni məcəllənin (maddə 160.1.) Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə cinayət məsuliyyəti müəyyən edib.  

Bəs baş verən seçki saxtakarlıqlarıyla bağlı cinayət işi qaldırılacaqmı? MSK və hüquq mühafizə orqanları seçki prosesinə məsul şəxslərin qeyri-qanuni hərəkətləriylə bağlı hansı cəza tədbirləri görəcək?

AVP sədri, millət vəkili Fəzaiil Ağamalı məsələyə münasibət bildirərkən Gununsesi.info-ya deyib ki, o, belə hesab edir ki, ümumxalq səsverməsi baş tutmuş sayıla bilər: “Hesab edirəm ki, referendum yüksək səviyyədə baş tutub, insanlar azad və demokratik şəkildə öz mövqeyini bildirib. Demək istəyirəm ki, vətəndaşlarımız seçki məntəqələrinə fəal şəkildə getdilər və müsbət münasibətlərini də bildirdilər. Lakin buna baxmayaraq, təəssüf ki, bəzi seçki məntəqələrində hələ də Azərbaycan  qanunçuluğuna, qanunvercilik aktlarına, Seçki Məcəlləsindən irəli gələn tələblərə  lazimi səviyyədə  riayət edə bilmirlər. Bu ya bilməməzlikdən irəli gəlir, ya da qəsdən törədilir.  Yəqin ki, bütün bu halları edənlər qəsdən edir ki, Azərbaycanda demokratik yolla keçirilən seçki-referendum prosesinin üzərinə kölgə salsınlar.  Seçki prosesi elə böyük və mürəkkəb  hadisədir ki, orada nöqsanların olması  da istisna deyil. Lakin noqsanları törədənlər də cəzasız qala bilməz.

Təbii ki, hüquq-mühafizə orqanları bu cür hallar baş veribsə, onları araşdırıb, günahkarları cəzalandırmalıdırlar.  Burada birinci söz MSK-nındır.  MSK quruma  təqdim edilən bu cür halları araşdırdıqdan sonra hüquq-mühafizə orqanları da qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi tədbirləri görməlidir”-deyə, millət vəkili bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səsverməsini əks etdirən video-görüntülərə münasibət bildirib.Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Yerli müşahidəçilər də geniş müşahidə missiyası həyata keçiriblər: “İki gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Ondan sonra protokollara əsasən ilkin nəticələri internet səhifəmizə yerləşdirəcəyik. Ən geci 25 gün ərzində prosesə yekun vurulacaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.

MSK sədri sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: “O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, həmin məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Həmin komissiyalar da buraxılacaq. Seçki komissiyaları həmin gün hansı məsuliyyət daşıdığının fərqində olmalıdırlar”.

fazail

Gülnaz Qənbərli

Gununsesi.info