
Ömrünü kimya elminin inkişafına və kimyaçıların yeni nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın vəfatından 7 il ötür.
Gununsesi.info xəbər verir ki, rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti Fəxriyyə Xələfova vəfat günü münasibətilə anasının məzarını ziyarət edib.
Bu barədə o sosial şəbəkə hesabında yazıb.
“Bu gün məşhur alim, akademik Rəfigə xanım Əliyevanın anım günüdür. Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abidələşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır”- deyə modelyer əlavə edib.



