
Bakı Apellyasiya Məhkəməsində iki qızı oğurlayaraq zorlamaqda təqsirləndirilənlər – Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Gununsesi.info-nun xəbərinə görə, hakim Vaqif Mursaqulovun icraatında olan prosesdə qərar elan edilib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb. Zamində olan Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Sona Kərimova isə 2700 manat cərimələnib
Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S. M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu qeyd olunub.
Gülnaz Qənbərli
Gununsesi.info