
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı dəqiqləşib.
Gununsesi.info-nun xəbərinə görə, apellyasiya şikayəti üzrə məhkəmə iclasının ilkin baxış avqustun 23-də olacaq. Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə ləğv olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, sözügedən şəxslər dələduzluqda təqsirləndirilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bəyan edib.
Gülnaz Qənbərli
Gununsesi.info