Rəsmi Bakı Ermənistana Ceyhun Bayramovun Moskvadakı çıxışını xatırlatdı

“Təcavüzkar Ermənistanın son zamanlar xarici işlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır”.

Gununsesi.info-nun məlumatına görə, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Ceyhun Bayramovun Moskva XİN-də mətbuat konfransında söylədiklərini yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib:

“Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların sənədlərinə, qətnamələrinə əsaslandığını, münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir”.  
XİN rəsmisi qeyd edib ki, Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalmayacaq.

L.Abdullayevanın bildirdiyinə görə, Ermənistan yenə də riyakarlıqla məşğuldur.

“Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətindəki təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərmiş, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış etmiş və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir.

Bundan əlavə, Ermənistan baş nazirinin və xarici işlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır”, – deyə L.Abdullayeva əlavə edib.

L.Abdullayeva Ermənistan XİN-in mətbuat katibinin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə münasibət bildirməsini də şərh edib:

“Azərbaycanın diplomatik potensialına dair fikir bildirilməsinə, qısa şəkildə onu deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və Azərbaycan diplomatları bu siyasəti layiqincə həyata keçirirlər. Tarixən digər dövlətlərin xarici siyasətində bir alət olan, 29 illik müstəqillik dövründə belə müstəqil siyasət yürütməyin nə olduğunu bilməyən Ermənistanın diplomatik potensial əldə etmək üçün ən azı növbəti 29 ilə ehtiyacı var”.

Gununsesi.info