Rəşad Məcid: “İnandırıcı fırıldaqçılar çoxalacaq”

  • Müəllif: Orxan
  • 15 Sentyabr 2026 09:41

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid süni intellekt texnologiyalarından istifadə etməklə həyata keçirilən daha inandırıcı fırıldaqçılıq cəhdləri barədə xəbərdarlıq edib.

Gununsesi.info-nun xəbərinə görə, Rəşad Məcid bildirib ki, iki həftə əvvəl Bill Qeytsin süni intellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşdıqdan sonra özü də inandırıcı fırıldaqçılıq cəhdinin şahidi olub.

Onun sözlərinə görə, əvvəlcə nazir müavininin adına və fotosuna uyğunlaşdırılmış, adi telefon nömrəsindən mesaj alıb. Yazışma zamanı ona kapitan Əkbər Əzizovun zəng edəcəyi və onunla görüşməyin lazım olduğu bildirilib.

Daha sonra “Akbar Azizov” adı ilə adi telefon nömrəsindən zəng gəlib. Rus dilində danışan şəxs görüşmək istədiyini bildirib. Rəşad Məcid həmin şəxslə sonradan əlaqə saxlamağa çalışsa da, danışıq baş tutmayıb.

“Dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi”, – deyə Rəşad Məcid qeyd edib.

O, daha sonra bir tədbirdə millət vəkilləri ilə görüşdüyünü və analoji halların onların da qarşısına çıxdığını bildirib. Məlum olub ki, bəzi deputatlara parlament rəhbərliyinin adından, hətta rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər edilib.

Rəşad Məcid bu halların süni intellektdən istifadə etməklə daha da təkmilləşdirilə biləcəyini vurğulayıb:

“Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq”.

Mətbuat Şurasının sədri bu barədə məlumatı ictimailəşdirməkdə məqsədinin belə hallarla hələ qarşılaşmayan insanları əvvəlcədən xəbərdar etmək olduğunu bildirib.

Hazırda Rəşad Məcidin yazısında adı çəkilən şəxsin yenidən onunla əlaqə saxlayıb-saxlamayacağı məlum deyil.

Orxan

Gununsesi.info