Rəsmi Bakıdan Avropa Şurasının Xarici İşlər Nazirliyinə ittiham

  • By admin
  • 19 Yanvar 2023 21:01

Azərbaycan Xarici İşlər Nazirliyi Laçın yolundakı vəziyyətlə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədri, İslandiyanın xarici işlər naziri Tordis Gilfadottirin “real vəziyyəti əks etdirməyən” bəyanatından təəssüfləndiyini bildirib.

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarının, onların qeyri-qanuni şəkildə Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda dinc etirazlara Gilfadottirin bu cür münasibət anlaşılan deyil.

“Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi və hərbi fəaliyyətə qarşı etirazlar Azərbaycan vətəndaşlarının hüququdur və buna hörmətlə yanaşılmalıdır. Bu kimi bəyanatlar bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı gərginliyin artmasına gətirib çıxarır”, – şərhdə deyilir.

Həmçinin Laçın yolunun “bağlanması” və rayonda “humanitar fəlakət” olması ilə bağlı deyilənlərin əsassız olduğu qeyd olunur. Ötən müddətdə Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin avtokolonları, 800-ə yaxın texnika, eləcə də Ermənistanın təcili tibbi yardım maşınları yol boyu sərbəst keçiblər.

Bundan əlavə, tibbi xidmətlərdən yerli sakinlərin istifadəsi üçün malların tədarükünə heç bir maneə yoxdur.

“Azərbaycan hökuməti Ermənistan sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır. Özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslərin erməni sakinlərin yoldan istifadəsinə mane olmaqla süni şəkildə humanitar böhran yaratmaq cəhdləri barədə də danılmaz faktlar mövcuddur. Azərbaycan hökuməti erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazırdır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Avropa Şurası Nazirlər Komitəsinin rəhbərinin öz evlərindən köçkün düşmüş yüz minlərlə azərbaycanlının acınacaqlı humanitar vəziyyətinə, beynəlxalq humanitar hüququ açıq şəkildə pozan Ermənistanın hərbi cinayətlərinə, Vətən Müharibəsindən sonra 282 azərbaycanlının mina qurbanı olması ilə nəticələnən və Laçın yolundan sui-istifadə ilə ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minalar yerləşdirməklə davam edən mina təhdidlərinə və digər qanunsuz fəaliyyətlərinə bu günə kimi münasibət bildirilməməsi də sual doğurur. Bu, növbəti dəfə ikili standart və selektiv yanaşmanın göstəricisidir.

Bakı Avropa Şurası Nazirlər Komitəsinin sədrini qərəzsiz olmağa, bölgədə sülh və əmin-amanlığa xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır.

Gununsesi.info