Rəsmi Bakıdan erməni nazirə CAVAB

  • By admin
  • 02 Fevral 2022 14:59

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “Azərbaycanın beynəlxalq təşkilatların Qarabağda fəaliyyətinə maneə törətməsi” ilə bağlı fikrinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın XİN rəsmisi ölkənin beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı və uğurla inkişaf edən münasibətlərinin mövcud olduğunu xatırladıb.

“Ölkəmizin çoxtərəfli platformalarda fəal iştirakı, o cümlədən bir sıra təşkilatlarda uğurlu sədrlik təcrübəsi hər kəsə bəllidir. Beynəlxalq təşkilatların Azərbaycan ərazisində fəaliyyətinə gəldikdə xatırlatmaq istərdik ki, BMT Baş Assambleyasının humanitar yardımın əlaqələndirilməsi ilə bağlı 1991-ci il 19 dekabr tarixli qətnaməsinə uyğun olaraq, bu kimi fəaliyyət qəbul edən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipli əsasında həyata keçirilməlidir. Beynəlxalq təşkilatların Azərbaycan ərazisindəki fəaliyyəti də məhz bu prinsipə uyğun həyata keçirilir. Ermənistan xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, ölkəmizin suveren torpaqlarında hər hansı beynəlxalq təşkilatın fəaliyyəti, Azərbaycan ilə aidiyyəti beynəlxalq təşkilatın ikitərəfli məsələsidir. Üçüncü dövlətin nümayəndəsinin bu xüsusda şərhi yersiz və əsassızdır. Yaxşı olardı ki, Ermənistan xarici işlər naziri bilavasitə ölkəsinin üzərinə götürdüyü öhdəliklərin icrası və bölgədə sülhün quruculuğu ilə bağlı məsələləri şərh etsin” – XİN rəsmisi əlavə edib.

Gununsesi.info