Rəsulzadəyə məktub: Məclisi Məbusan və … qazan söhbətləri – Ləman Ələşrəfqızı yazır…

  • By admin
  • 06 Mart 2020 12:30

Oturub fikirləşirəm. Sənə məktub yazım, yazmayım deyə. Yazmaq istəmirəm ona görə ki,  bundan əvvəl də daha iki namə ünvanlamışdım müqəddəs adına. Bir Cümhuriyyətin 100 yaşında, bir də Binəqədidəki barelyefin  tərkibindəki misə görə oğurlananda. Heç birinə cavab almadım. Əlbəttə, “ölülər danışmır” deyirlər. Amma nigaran ruhlar məncə, hər şeyi duyurlar. Ona görə də, sayca üçüncü məktubu yazıram sənə. Bu gün bizi  ömürlük tərk etməyinin 65 ilidir axı.

Necə keçdi bu illər, soruşmayacam. Necə keçməliymiş, bir halda ki, dirin də qürbətdə, ölün də?! Amma əminəm ki, o dünyada da xoşbəxtsən. Şərqdə qos-qocaman dövlət qurmaq kimi bir işə imza atmısan. İndi  yaşadığımız bu dövlət də sənin qurduğun dövlətin  varisidir. Ömür boyu duaçıyıq sənə, Emin bəy!

Müasirlərin səhv etmirəmsə, səni belə çağırırdılar, deyilmi?  Xüsusilə, Osmanlıdan olan  arkadaşlarınız. Biləsən, bu gün də  türklərlə arkadaşlığımız ən yüksək səviyyədədir. Sələfləriniz bu işi uğurla davam etdirirlər. Türk abilər də sağ olsunlar, gözləri həmişə üstümüzdədir. Allah qardaşlıqdan əskik eləməsin. Böyüyümüzdülər. Hərçənd “böyük qardaş” rolunda daha bir qonşumuz var. Bəli, sizin taxtınızı devirənləri deyirəm. Onlar tarixən  bizim baxtımızla oynayıblar. İndi də dinc durmurlar, hələ bu yaxınlarda keçirilən seçkilərə də, deyilənlərə görə, barmaq ediblər. Ona görə də, Məclisi Məbusana növbədənkənar seçkilər bizdə tragikomik bir şəkildə keçdi. Siz seçkinin nə biçim bir şey olduğunu hər kəsdən gözəl bilirsiz. Hələ 1917-ci ildə “Açıq Söz” qəzetində yazırdınız: “Seçki, onun üsuli-idarəsi haman cəmaət idarəsinin ruhu, canı və qanıdır.”

Fəqət bizdə keçirilən seçkilər ruhumuzu sevindirmədi. Canımız və qanımızla apardığımız mübarizənin sonunda bizə Məclisi Məbusanı yox, qazanı göstərdilər. Əvət, əvət, qazanı!  Dedilər ki, zənənsən, get, bozbaşını bişir! Əfəndim, bu siz idiniz, Şərqdə ilk dəfə qadına seçki hüququ vermişdiniz. Amma 100 il sonra biri tapılır çıxıb desin ki, sənin hüququna asqırmaq belə istəmirəm. Fəqət siz “Açıq söz” qəzetindəki məqalənizdə açıq şəkildə yazırdınız : “Seçkilərdə bütün xəlqə həqq verilmişdir ki, arvadlı-kişili hamısı seçkidə iştirak edər, həm seçər, həm də seçilə bilər. Və şübhəsiz ki, xəlq tərəfindən seçilən adam gərək ki, həm halilə, həm də misalı ilə xəlqin mənafeyini gözləyən, onun dərdinə qalan adamlar olsun. Bunun üçün dəxi o adamın ” vallah mən xalq tərəfdarıyam” deməsi  bəs deyildir. Lazımdır ki, onun cəmaət üçün nə kibi işlər görəcəyi əvvəlcədən məlum olsun.”

Əfəndim! Sizin əyyam bir başqa əyyam idi. İndi xalq üçün iş görəni heç gündüz çıraqla da tapmırsan. Məclisi Məbusana da can atanlar  xalq üçün iş görmək istəyənlər deyil, daha çox özü üçün çalışanlardır. Biri mandatını girov qoyub pul götürür, ay kişi! Villa alır, biznesini qurur. Biri saxta diplom satır, ölkədə bir ali məktəbin bağlanmasına vəsilə olur, ardınca nəinki deputat, hətta parlamanda komitə sədri seçilir. Biri isə hətta cürət edib sizin büstünüzün başına torba keçirənə haqq qazandırır. Bax, belə… Məhəmməd Əmin kişi. Özün demişkən, iştə bu günkü vəziyyət meydanda?! Artıq düşünməli, düşünməli ki: nə yapıyoruz, nərəyə gediyoruz?!

 

 

Ləman Ələşrəfqızı xüsusi olaraq,

Gununsesi.org üçün