“Rabitəçilərin işi”ndə ara qarışdı: "ŞƏRƏFSİZLƏR,PULU YEMİSİZ, SƏSİNİZ ÇIXMIR”

  • By admin
  • 17 Mart 2017 18:45

rabite

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərdən “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev xərəkdə gətirilib. Onu zalda stolun üstünə uzadıblar.

B.Vəliyevin vəkili məhkəmədə çıxış edərək bildirib ki, zəruri olmasına baxmayaraq müvəkkilinə ixtisaslaşmış tibbi yardım göstərilmir: “Onun problemi sinirlə əlaqədardır. Əvvəllər ağrıkəsici iynələr vururdular, indi o da kömək etmir. Bayram müəllim əzab çəkir. Hüquq və vəzifələrini yerinə yetirə bilmir. Xahiş edirəm, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin, ev dustaqlığına buraxılsın, bu əzabdan qurtulsun”.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov vəsatət qaldıraraq bildirib ki, verilən ittiham 2009-cu ilin yanvarın 2015-in oktabrına qədərə aiddir: “Vidadi müəllimin adına olan 67 əmlakın üstünə həbs qoyulub. Onların da 2-si Vidadinin mülkiyyətinə aiddir. Həmin mülkiyyətdən biri də ittiham verilən illərdən qabaq alınıb. Oğlunun adına qeyr- yaşayış binası var, o da 2000-ci ildə alınıb. O ev də “Rabitəbank” girovdadır. Lənkəranda torpaqlar var, Sabunçuda torpaqlar var, onlar dövlətin mülkiyyətindədir. Bacıların da əmlakı həbs qoyulub. Hətta Şamaxıda bu ailəyə aidiyyatı olmayan adamın evinə həbs qoyulub. Xahiş edirik ki, bu əmlakların üzərindən həbs götürülsün. Sonra bunlardan bəziləri sataq dövlətə olan ziyanı ödəyək. Burdan dövlət qazanacaq”.

Namazalı Məmmədovun və Anar Mustafayevin vəkilləri vəsatət verərək iş üzrə yenidən ekspertiza keçirilməsini istəyiblər.

Namazalı Məmmədovun vəkili həmçinin  qeyd edib ki, ittihamda olan rəqəmləri tutuşduranda 1 milyon 410 min manatdan çox fərq yaranır: “Düzgün hesablanmır. Ona görə yenidən ekspertiza keçirilməlidir. Həmçinin orda rəy verən Maliyyə Nazirliyin nümayəndələri məhkəmədə dindirilsin”.

Hakimlər kollegiyası əmlaklarla bağlı vəsatətə hökm zamanı qiymət veriləcəyini bildirib, ekspertiza ilə bağlı məsələlər baxılmamış saxlanılıb, ev dustaqlaqlığı ilə bağlı vəsatət təmin edilməyib.

Bayram Vəliyevin vəkili məhkəməyə etiraz edib. O bildirib ki, Bayram Vəliyev məhkəmədə çıxış etmək, nəsə demək ixtiyarında deyil: “Məhkəmənin bu vəziyyətdə aparılması qanunsuzdur”.

Digər təqsirləndirilən şəxslər, həmçinin, Vidadi Zeynalov və onların vəkilləri həmin vəsatəti müdafiə etməyərək, məhkəmənin mülahizəsinə buraxılmasını istəyib.

Bu zaman xərəkdə uzanan Bayram Vəliyev üzünü digər təqsirləndirilənlərə tutaraq onları ittiham edib: “Niyə müdafiə etmirsiz? Çünki şərəfsizsiniz. Pulu siz yemisiz e, ona görə səsiniz çıxmır. Mənim heç bir günahım olmadan oturmuşam yanınızda, qeyrətsizlər”.

Hakimlər kollegiyası müşavirə edərərək, vəsatətin əsassız sayıb və baxılmamış saxlayıb.

Məhkəmə prosesi martın 29-a davam edəcək.

Gununsesi.info