“Radikal dini terrorizmin kökünü kəsməliyik”  - Qüdrət Həsənquliyev

  • By admin
  • 13 İyul 2018 16:04

Qüdrət Həsənquliyev: “Radikal dini terrorizmin kökünü kəsməliyik” – Müsahibə

Gununsesi.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin teleqraf.com-a müsahibəsini təqdim edir.

– Dünən axşam saatlarında Gəncədə bir qrup şəxsin ictimai asayişi pozmağa hesablanan aksiyaya cəhdi, bu zaman iki polis məmurunun qəddarlıqla öldürülməsi hadisəsini necə qiymətləndirirsiniz?

– Açığını deyim ki, Azərbaycanda iğtisasların törədilməsi cəhdləri olacağını ilk proqnozlaşdıran şəxslərdən biri də mən idim. Amma biz gözləyirdik ki, bu hadisələr payızda, yəni prezident seçkiləri ərəfəsində olacaq. Sadəcə olaraq, prezident seçkilərinin növbədənkənar keçirilməsi bir çox dairələri hazırlıqsız yaxaladı, onların planlarını pozdu.

Fikrimcə, Azərbaycanda keçirilən möhtəşəm hərbi paraddan sonra bəzi qüvvələrin əsəbləri davam gətirmədi. Onlar hərəkətə keçdilər. Son hadisələrdən sonra məndə belə rəy formalaşır ki, baş verənlər xarici dövlətlərin xüsusi xidmət orqanların sifarişi ilə həyata keçirilir. Bu mənada hesab edirəm ki, səsləndirdiyim versiya istintaq tərəfindən ciddi araşdırılmalıdır. Bu gün bəlli oldu ki, Elmar Vəliyevi qətlə yetirməyə cəhd edən şəxsin anası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Cinayətkarın özü, uzun illər Rusiyada yaşayıb, hətta onun döyüşçü kimi Suriyaya getdiyi də bildirilir. Amma daimi yaşayış yeri Moskva olub. Mümkün deyil ki, Suriyaya gedənlər Rusiya xüsusi xidmət orqanlarının nəzarətinə düşməsin. Bu istisna olunan haldır. Düzdür, bizim keçmiş Milli Təhlükəsizlik Nazirliyinin başı daha çox sahibkarları izləməyə qarışmışdı, bütün resursları buna istiqamətlənmişdi. O dövrdə mətbuata demişdim ki, necə olur ki, bizdən Suriyaya bu qədər insan gedir, bunları kim qarşılayır, kim yola salır? Hətta demişdim ki, ən yüksək əmək haqqı alan şəxslərdən biri mənəm, amma millət vəkili kimi Suriyaya gedib çıxa bilmərəm. Sərhəd məntəqələrindən keçib, gedib silahlı qruplara qoşulmaq müşgül məsələdir. Sənə qarantiya verilməsə, gedib ora çatsan belə səni silahlı qrupa qəbul da etməzlər. Demək, böyük şəbəkə fəaliyyət göstərirmiş. Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin sədri bildirdi ki, Azərbaycandan gedib Suriyada döyüşən mindən çox insan var. Keçmiş Milli Təhlükəsizlik Nazirliyində zamanında rüşvətin olması, əməkdaşların pul müqabilində işə götürülməsi və digər nöqsanlar imkan verdi ki, burada marağı olan xarici qüvvələr öz adamlarını bu strukturda yerləşdirə bilsin, insanları əməkdaşlığa cəlb etsinlər, öz agentlərini yerləşdirə bilsinlər, ölkəmizdə əl-qollarını aça bilsinlər.

 

Hesab edirəm ki, Azərbaycanın gələcəyini sivil dövlət kimi görən bütün qüvvələr vahid mövqedən çıxış etməlidir. Biz bu radikal dini terrorizmin kökünü kəsməliyik. İmkan verməməliyik ki, belə qüvvələr ölkəmizdə geniş əl-qol aça bilsin. Eyni zamanda cəmiyyətdə ədalətsizlik olanda insanlar daha çox ekstremist dini cərəyanlara meyl edirlər. Çalışmalıyıq ki, ölkədə qanunun aliliyi təmin edilsin, bunun üçün ciddi islahatlar olmalıdır. Gəncə, Bakı və digər şəhərlərin bələdiyyələri yaranmalı, onların səlahiyyətləri geniş olmalıdır. İcra başçıları ancaq dövlət əhəmiyyətli məsələlərlə məşğul olmalıdır. Təsərrüfat, sosial xidmət sahələri ilə bələdiyyələr məşğul olmalıdır. Eləcə də məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində iş görülməlidir. Həmçinin ölkədə maarifçilik işi aparılmalıdır. Bizim əksər televiziya kanallarımız daha çox şou proqramlara yer verir. Halbuki onlar tok-şoular, debatlar təşkil edə bilər. Belə debatlarda ölkəni narahat edən ciddi məsələlər müzakirə oluna bilər. Məsələn, uzun müddətdir ki, Az.TV-də mənə qadağa qoyulmuşdu. Səbəbini də bilmirəm. Halbuki mən radikal çıxışlardan uzaq olan şəxsəm, xarakter etibarı ilə maksimalist deyiləm. Və bilirəm ki, bir çox məsələlər cəmiyyətin inkişafına bağlı məsələlərdir. Cəmiyyət inkişaf etdikcə belə məsələlər tədricən öz həllini tapacaq. Cəmiyyət hazır olmadan islahatlar keçirmək effekt vermir. Bununla belə nisbətən öz fikrini söyləmək, alternativ mövqedən çıxış etmək kimdəsə qıcıq yaradır və bu səbəbdən də efiri bizə bağlayıblar. Yalnız Gəncə hadisələrindən sonra məni Az.TV-yə dəvət etdilər. Bir sözlə, televiziya vasitəsilə maarifləndirmə işi aparılmalıdır. Gəncəni, gəncəliləri xalqımız hər zaman dövlətimizin dayaq yeri sayıb. Vaxt ilə rus imperiyasına qarşı qiyam qaldıran gəncəli qəhrəmanlar olub, Rusiyaya baş əyməyən Cavad xan olub, AXC-nin ilk paytaxtı da Gəncə olub. Gəncədə əsl və köklü azəri türkləri tarix boyu yaşayıb. Gəncəlilərin siyasi baxımdan hazırlıqlı olmayan hissəsindən və ya xarici xüsusi xidmətlərin din pərdəsi altında belə proseslərə cəlb etdiyi insanları Azərbaycan dövlətçiliyinə qarşı istifadə etmək istəyirlər. Xalqın müsbət keyfiyyətlərindən onun özünə qarşı istifadə etmək cəhdləri var. Zaman-zaman biz bunu müşahidə etmişik. Vaxtilə biz 4 iyun qiyamını, sonra Sürət Hüseynovun başçılığı ilə mərhum prezident Heydər Əliyevə qarşı çevriliş cəhdini görmüşük. Amma indi müstəqilliyimizin ilk addımlarını atdığımız illər deyil. Artıq Azərbaycan dövləti formalaşıb, insanlarımızın böyük hissəsi internet üzərindən maariflənib, siyasi bilgilər toplayıb. İndi 90-cı illərin ortasında olduğu kimi insanlardan belə asanlıqla istifadə etmək mümkün deyil. Gəncədə ortaya çıxan və qəddarlıq nümayiş etdirən, polisi şəhid edən 150-200 nəfərlik qrupla bağlı ciddi tədbirlər görülməlidir. Dünyaya qanunun aliliyindən dərs keçən ABŞ-da polisə əl qaldıran, silah çəkən şəxs ya ömürlük həbs edilir, ya da həmişəlik yatızdırılır, yəni fiziki baxımdan məhv edilir.

– Gəncədə baş verən hadisədə dini motiv nə qədər güclüdür?

– Yuxarıda qeyd etdiyim kimi, Suriyada vuruşub gələn geri zəkalı, savadsız və cahil insanlardır. Belə tiplərdən xarici dövlətlərin xüsusi xidmət orqanları məharətlə istifadə edirlər. Səmimi deyirəm ki, Mingəçevirdə baş verən hadisələr ciddi araşdırılmalıdır, eləcə də kənd təsərrüfatı sahəsində, pambıq tarlalarında işləyən vətəndaşların zəhərlənməsi. Sanki prezident seçkilərindən sonra əhalini hökumətdən narazı salıb, hansısa iğtisaslar törətmək istiqamətində iş gedir. Burada məqsəd nə ola bilər? Biz 2013-cü il prezident seçkilərində də bunu gördük. O zaman Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi, “Ziyalılar”, “Milyarderlər” ittifaqı yaradıldı. Mən demirəm ki, ora daxil olanların hamısı bilirdilər ki, son anda onlardan Azərbaycana qarşı istifadə olunacaq. Amma , bəzən xoş niyyətlə onları toplayır, deyirlər ki, siz lazımsınız, gəlin diaspora qurun və s. Başqalarına da tapşırır, siz belə təbliğ edin ki, Rusiya bunları dəstəkləyir, hakimiyyətə gətirəcək və s. Bilirsinizmi, bəzən insanlar siyasətin incəliyini bilmir, siyasi proseslərdə naşı olan şəxslərdən xarici dövlətlərin xüsusi xidmət orqanları asanlıqla istifadə edirlər. Dünən də Gəncədə dindarlardan istifadə edilib. Söhbət bundan gedir.

– Siz xarici “əllərdən” bəhs etdiniz. Regionda hansı proseslər gedir ki, nəticədə belə durumlar ortaya çıxır?

– Həm Rusiya, həm də İranda xoşagəlməz proseslər gedir. Birincisi, bu ölkələrə sanksiyalar tətbiq edilib. Məsələn, Rusiyada təqaüd almaq həddi 65 yaşa qaldırılır, rəy sorğularına görə, əhalinin 80 faizi bu dəyişiklikdən narazıdır, vəsait çatışmazlığı problemi var. Rusiya məcburən silahlanmaya qoşulub, Suriya və Ukraynada böyük pullar xərcləyir, Krımı saxlamağı üzərinə götürüb. Donetskdə həm ordu saxlamaq, həm də işləməyən əhalini dolandırmaq lazımdır. Kerçdən Krıma dəyəri milyardla ölçülən körpü çəkir. Demək istəyirəm ki, Rusiya böyük bir yükün altına girib. Suriyada müharibə aparmağın özü 100 milyonlar, milyardlar deməkdir. 2013-cü seçkiləri ərəfəsində biz Rusiya ilə 5 milyard dollar dəyərində silah müqaviləsi bağladıq. Sonradan da mətbuat yazdı ki, bu silahların çoxu keyfiyyətsiz olub. Hesab edirəm ki, bizdə seçkilərin növbədənkənar keçirilməsi Azərbaycana təzyiq planlarını pozub. Bəlkə də seçki vaxtında keçirilsəydi, belə təzyiqlər olacaqdı. İndi qarşılaşdığımız durum da Azərbaycana təzyiqlərin bir formasıdır. O mənada ki, töycü ödəməsəniz, sizə rahatlıq yoxdur. Baxın, bir tərəfdən Aleksandr Duqin başda olmaqla Rusiyanın bir qrup ictimai-siyasi xadimi, deputatlar bura gəldilər, cəbhə bölgəsinə getdilər. Başa salmaq istəyirlər ki, belə də ola bilər, elə də. Başqa sözlə, bir əldə kökə, bir əldə dəyənək. Əlbəttə, mən iddia etmirəm ki, bunu Rusiya təşkil edib və birbaşa Rusiyanın birinci şəxsi tərəfindən sanksiyalaşdırılıb. Ancaq İran və Rusiyada güc mərkəzləri var və onlar birinci şəxsin icazəsi olmadan belə hadisələri sanksiyalaşdıra bilərlər. İranın özündə müxtəlif güc mərkəzləri var. Hazırda İranda din gözdən düşüb. Azərbaycan dindarları bilməlidir ki, bizim dinimizin siyasiləşməsi ilk növbədə dinimizə böyük zərbə vuracaq. Din xadimi hakimiyyət təmsilçisi olanda onun qəbul etdiyi yanlış qərarları, əxlaqı, davranışı, ədalətliliyi həm də dinlə assosiasiya olunur, din gözdən düşür. Odur ki, din ali dəyər, vicdan və insanların inanc məsələsi kimi kənarda durmalı, hamı onu qorumalıdır. Əlbəttə, siyasətçilər səhv edə, yanlış qərar verə, korrupsiyaya da bulaşa bilərlər. Amma bunu din xadimi edəndə artıq cəmiyyətdə dəyərlər itir. Məsələn, İranda din nüfuzdan düşür. Öz insanlarına mesaj verə bilərlər ki, baxın, qonşumuzda insanlar din uğrunda “vuruşur”. Öz cəmiyyətinə əlavə stimul vermək üçün bu, təşkil edilə bilər. Eyni zamanda bu, Azərbaycan hökumətini müəyyən addımlardan çəkindirmək üçün düşünülə bilər. Xatırlayırsınızsa, neft və qaz sərgisi olanda Prezident Əliyev ABŞ-a minnətdarlığını ifadə etdi, bildirdi ki, bu layihələrin həyata keçməsində ABŞ-ın müstəsna dəstəyi olub. Elə sonuncu müşavirə zamanı da prezident ABŞ-Azərbaycan münasibətləri, Trampın ona 3 dəfə məktub yazmasından, bu münasibətlərin daha dərinləşə bilməsinin mümkünlüyündən danışdı. Hesab edirəm ki, bu da region dövlətləri üçün qıcıqlandırıcı rol oynaya bilər. Baş verən faciədən hər bir xalq nəticə çıxarmalı, nöqsan və çatışmazlıqları aradan qaldırmağı bacarmalıdır. Düşünürəm ki, bizim insanların dövlətə inamını, bağlılığını və sevgisini artırmaq üçün insanlar əmin olmalıdır ki, hansısa dövlət burada hansısa məmuru himayə edə bilməz. Məsələn, təəssüflər olsun ki, əhali arasında geniş yayılan və ciddi şəkildə dövlətçiliyin əsaslarını dağıdan fikir ondan ibarətdir ki, hansısa məmurlar hansısa region dövlətlərinə bağlıdır, onlara toxunmaq olmaz. Çünki belə məmurlar ya filan dövlətin adamıdır və ya həmin dövlətin adamının adamıdır. Belə fikirlərin cəmiyyətdə dayaq tapmasına imkan vermək olmaz. Düşünürəm ki, dövlət nizam-intizamı gücləndirilməli, ölkədə müəyyən islahatlar aparılmalıdır ki, ekstremist və dağıdıcı, terrorçu qüvvələrin, qatillərin dövlət həyatına müdaxilə etməsi mümkünsüz olsun. Gəncədə polis polkovnikinin bıçaqla vurulma anına baxın. Bir müddət əvvəl İŞİD belə addımlar atırdı. Kadrlara baxanda o saat hiss olunur ki, bu davranışlar İŞİD terrorçularının qalığıdır. Onların iş üslubudur ki, orada bunu mənimsəyiblər.

– Gəncədə baş verən aksiya zamanı polis əməkdaşlarının davranışını, aksiyanı sakitləşdirmək və asayişi təmin etməklə bağlı gördüyü tədbirləri necə qiymətləndirirsiniz?

-Polis çox ehtiyatlı hərəkət edib. Bəlkə də düşünüblər ki, polis əməkdaşlarına qarşı güc tətbiq olunar, bu zaman polis də silah tətbiq edər. Sonra da deyərlər ki, insanlara atəş açıldı. Mən burada bir ehtiyatlılıq, qorxu elementi görürəm. Fikrimcə, belə məsələdə bizim güc strukturlarımız bir qədər tərəddüd nümayiş etdirsə, bu, dövlətimiz və xalqımız üçün ağır nəticələr verəcək. Dünyanın hər yerində əlində silah və ya daşla aksiyaya çıxana polis silah tətbiq edir. Vurub öldürməsə də, ayağından vura bilir. Bəlkə də Gəncədə polis əməkdaşları silahlı olsa, atəş açılsaydı, nəticə başqa cür olardı. Bir daha bəyan edirəm ki, hadisə zamanı ekstremist-terrorçular tərəfindən qətlə yetirilən polis zabitlərinin qanı hədər getməməlidir. Onlar həyatlarını dövlətimiz üçün qurban ediblər. Allah hər ikisinə rəhmət etsin, əsl şəhid onlardır. Gəncə hadisələrində iştirak edən şəxslərin tam dairəsi müəyyən olunmalı və qətli törədənlər, bu prosesə dəstək verənlər, təhrikçilər, təşkilatçılar qanunun sərt üzü ilə cəzalandırılmalıdır.

Eyni zamanda hesab edirəm ki, DTX əməkdaşlarının sayı artırılmalı, onların layiqli həyat şəraiti üçün tədbirlər görülməlidir. Xüsusilə, həssas bölgələrimizdə belə əməkdaşların sayı artırılmalıdır. Nəzərə almalıyıq ki, cahil insanları aldatmaq, onları ayrı-ayrı proseslərə qoşmaq çox asandır. Hətta onun əlinə silah verərək, öz dövlətinə və xalqına qarşı vuruşdurmaq da mümkündür. Odur ki, biz xalqımızı elm və biliklə, ideyalarla silahlandırmalıyıq. Bunun üçün televiziya kanallarında ciddi müzakirələr aparılmalı, tok-şoular təşkil olunmalıdır. İnsan alternativ fikri cinayətkarda tapacaqsa, ona da qulaq asacaq.

– 500 min əhalisi olan Gəncədə insanların bu aksiyaya münasibəti, bu qəddar tədbirə dəstək verməməsi də diqqətdən yayınmadı…

– Söhbət ondan getmir ki, bunların sayı azdır və biz bununla təsəlli tapmalıyıq. Əlbəttə, çox yaxşı və müsbət haldır ki, geniş xalq kütlələri bu qüvvələrin kimlər olduğunun fərqindədir, onların nə ilə məşğul olduğunu bilir. Amma onlara qarşı ciddi mübarizə aparılmalı, qanunun sərt üzü tətbiq edilməlidir.

– Gəncədə baş verən bu hadisəyə siyasi qüvvələrin münasibətini qaneedici sayırsınızmı?

– Hesab edirəm ki, bu hadisəyə münasibət normaldır. Əksər siyasi partiyalar Gəncədə baş verən bu qəddar terroru pislədi. Bildiyiniz kimi, Gəncədə birinci hadisə baş verəndə müəyyən qüvvələr bundan istifadə etməyə cəhd göstərdi. Düşündülər ki, bəlkə əhalini ayağa qaldıra bilərlər. Ancaq sonra gördülər ki, ayağa qalxanların əllərində qılınc, bıçaq var və baş kəsməyə hazırdırlar. Düşündülər ki, belələrinin əlinə imkan düşsə, birinci onların başını kəsəcəklər. Deyəcəklər ki, siz Qərbin satqınlarısınız. Ona görə də anladılar ki, bu həna o hənadan deyil. Üstəlik həmin qüvvələr başa düşdülər ki, maliyyə dəstəyini Qərbdən alırlar, Qərb də heç vaxt polisi öldürən terrorçuları dəstəkləməz. Hesab edirəm ki, bir az ağlı başında olan insan bu hadisəni qətiyyətlə pisləməlidir və pisləyir. Əlbəttə, bir-iki şizofreniya xəstəliyinə tutulan şəxs var, onlar onsuz da nə baş verdiyinin fərqində deyil. Amma əksəriyyət başa düşdü ki, söhbət hakimiyyətdən deyil, Azərbaycanın dünyəviliyindən, dövlətin gələcəyindən gedir.