Rafael Ağayev lisenziya qazana bilmədi

  • By admin
  • 28 Fevral 2020 22:35

Avstriyanın Zaltsburq şəhərində Karate1 Premyer Liqa turnirinə start verilib.

Gununsesiaz.info-nun məlumatına görə, mövsümün 3-cü mərhələsində Azərbaycanın 14 idmançısı mübarizə aparır.

Yarışın ilk günü kumite çıxışlarında kişi idmançılardan Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), qadınlardan isə Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizəyə qoşulub.

67 kq-da yarışan Rafiz Həsənov adını finala yazdırıb. İlk görüşündə uduzan Həsənov daha sonra ardıcıl olaraq Devid Nhuyen (Belarus), Tomas Keserer (Avstriya) və Burak Uyqura (Türkiyə) qalib gələrək həlledici mərhələyə yüksəlib. Onun qızıl medal uğrundakı rəqibi italiyalı Luka Mareska olacaq. Final qarşılaşması martın 1-də keçiriləcək.

75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev isə ilk görüşündə qalib gəlsə də, sonrakı iki qarşılaşmada 1 heç-heçə və 1 məğlubiyyətlə final şansını əldən verib. Ağayevin uduzduğu türkiyəli yarımfinalda məğlub olduğundan, Azərbaycan karateçisi təsəlliverici görüşlərə qatılmayacaq. Bu isə o deməkdir ki, Ağayev bu turnirdə Tokio Olimpiadasına lisenziya qazanmaq şansını itirib.

Qeyd edək ki, Azərbaycanın digər karateçiləri – Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizəyə sabah qoşulacaqlar.

Gununsesiaz.info