Rafael Hüseyn “Məşhəd-Bakı” təyyarə reysindən yazdı - FOTOLAR

  • By admin
  • 13 Avqust 2016 00:52

raf-1

“Iran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri, dövlətimizin başçısı Prezident Ilham Əliyevlə görüşləri və ölkələrimiz arasında əlaqələrin gələcək inkişafına səmtlənmiş mühüm sənədlərin imzalanmasının ardınca daha bir əlamətdar hadisə baş verdi. 2016-cı il avqust ayının 10-da ilk dəfə olaraq Məşhəd-Bakı təyyarə reysi gerçəkləşdi”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili, akademik Rafael Hüseyn öz “Facebook” səhifəsində paylaşdığı status-yazısında qeyd edib. Status-yazını olduğu kimi təqdim edirik:
“Hələlik həftədə 2 dəfə həyata keçiriləcək bu uçuşların gələcəkdə gündəlik olacağı nəzərdə tutulur.
Tale elə gətirdi ki, mən də bu ilk dəfə baş tutan tarixi reysin birinci sərnişinlərindən oldum. Minik kartımda yerim “1A” göstərilmişdi!
Gələcəkdə lap muzeyə qoyulası eksonat sayıla biləcək deyə həmin minik kartını da atmadığım kağızlarımın sırasına əlavə etdim.

İmam Rzanın surəti bir tarixi sima kimi həmişə mənə ruhən yaxın görünüb. Çünki o böyük elm və mənəviyyat adamı olub.
Qısa ömür yaşayıb – vur-tut 55 il.
Abbasi xəlifəsi Məmun ona öz qızını vermişdi, 816-cı ildə vələhd təyin etmişdi, məxəzlərdə əks olunan belə bir fikir də söyləmişdi ki, “Yer üzündə mən bu kişidən – İmam Rza əleyhissalamdan – daha savadlı olan bir kəs tanımıram”.
Amma elə həmin Məmunun hokum ilə də İmam Rzanı 2 il sonra, hicri tarixlə 203-cü ildə, miladi tarixlə 818-ci ildə Xorasanda, Tus şəhərinin yaxınlığındakı Nukən kəndində zəhərləyərək öldürürlər.
Onun qətlə yetirildiyi bu məkan “Rzanın şəhid olduğu yer” – “Məşhəd-e Rezəvi” adlandırılır.
Şəhid şəhərinə — Məşhədə gəlmişdik.
İlk dəfə qədəm bassam da, bu şəhər mənə doğma gəlirdi. Çünki 100 il əvvəl babam bura gəlmişdi və həmin ziyarəti ilə də sadəcə İsmayıl olmaqdan çıxaraq “Məşhədi İsmayıl”a çevrilmişdi.
İmam Rza Peyğəmbər övladı idi, islamın qurucularının törəmələrindən və öndəgedənlərindən idi, amma dinə, ibadətə korkoranə əməl etmənin əleyhinə idi. Elə alimliyinin, bilginliyinin bir sübutu da budur ki, o dindarları islamın mahyyətinə enməyə, fəlsəfəsini dərk etməyə, quruca icraçı olmamağa çağırırdı.
Onun sözləridir: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında dərin düşnməkdir”.
Dahiliyini, böyük müəllimliyini, alimliyini bunda görün ki, ata-anaları övladlarına “Quran”ı, islamı mükəmməl öyrətməyə səsləməzdən daha öncə balalara səslənişi gözəl. mənası sağlam ad seçməyi tövsiyyə edirdi: “Övlad qarşısında valideynin vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və elm təlim etməkdir”.
1200 il əvvəl söylənmiş və bu gün də hər kəsə gərək olan belə hikmətlər yadigar qoymuş bunca müdrik şəxsiyyət əlbəttə ki, daim ehtiramla anılmağa layiqdir.
Bakı-Məşhəd hava yolunun açılışı münasibəti ilə keçirilən mərasimdən sonra “qəriblər qəribi” İmam Rzanın sərdabəsinin ziyarətinə gəldik (o, əslən Mədinədən idi, ailəsi, övladları orda qalmışdı, Xorasana tək göndərilmişdi.
Başqa imamlardan da qürbətlərdə vəfat edənlər olub, amma onların heç olmazsa doğmaları, ailəsi yanındaymış. İmam Rza isə buralarda tənhaydı…).
Avqustun 10-u axşamı biz ziyarətə gələndə axşam namazına 250 min insan gəlmişdi.
Böyük zəka və qüdrət sahiblərinə müxtəlif cəzalar verməyə çalışmaq olar, onları tənhalığın, qürbətin nisgiliylə də sıxmağa cəhd etmək mümkündür. Lakin sonda Haqqın iradəsi ilə qalib gələn yenə cəza vermək istəyənlər yox, cəzaya məruz qoyulmuşlar olur.
Hər gün ziyarətinə könlündə məhəbbət daşıyan yüz minlərin gəldiyi İmam Rzaya necə qərib deyəsən!
İranın ikinci ən böyük hava limanı Məşhəddədir. Və Məşhədə enən təyyarələrin yerinə yetirdiyi bir nəcib (və ənənəvi) dairəvurma var.
Təyyarəni yerə oturtmazdan əvvəl mütləq İmam Rza məscidinin üzərində çevrə vururlar. Bu şəhərin əbədi və müqəddəs sakininə səmadan salam göndərirlər.
İmam Rzaya necə qərib deyəsən!
Ziyarətimizi etdik, dualarımızı oxuduq, diləklərimizi qəlbimizdən keçirdik.
Babamın, nənəmin ruhlarını fatihə ilə yad edəndən sonra bunu da düşündüm ki, 1 əsr əvvəl dədəm bura yəqin atla, dəvəylə bir neçə aya gəlmişdi, bir neçə aya da geri qayıtmışdı.
Mən avqustun 10-da saat 16 radələrində Bakıdan Məşhədə uçdum, geçə 12 radələrində isə səfərimi, ziyarətimi başa vuraraq artıq Bakıya yetişmişdim.

…Dəyişən zaman ilk növbədə sürətlər deməkdir.
Arzumdur ki, qonşu İranla Azərbaycan arasında saflığa, düzlüyə əsaslanan, qarşılıqlı hörmətə və bəhrələnməyə istiqamətlənən münasibət və əlaqələr də dünənin at-dəvə sürətləri ilə deyil, bugünün təyyarə sürətləri ilə gerçəkləşsin!
Bu da xəbər saytlarından birindən həmin uçuş haqda götürdüyüm məlumat:
Bu gün Bakı-Məşhəd aviareysi üzrə ilk uçuş həyata keçirilib

Avqustun 10-da Bakı-Məşhəd reysinin ilk uçuşu həyata keçirilib – bu gün baş tutan ilk uçuşda İranın Azərbaycandakı səfiri Möhsin Pakayin, parlament nümayəndələri, jurnalistlər və bir neçə Əhli-Beyt (ə) şairi Məşhədə uçublar.
Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,səfər bu gün axşam başa çatacaq və təyyarə Bakıya dönüş edəcək
Sözügedən reys həftədə iki dəfə (Bazar və 3-cü günlər) həyata keçiriləcək. Yerli vaxtla saat 18-də Məşhədin Şəhid Haşeminejad hava limanından Bakıya uçan təyyarə saat 21 –də Bakını Məşhəd istiqamətində tərk edəcək.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu reysin açılması ziyarətdən başqa Azərbaycan və İran arasında ticarət və turizmin inkişafına da təkan verəcək. “Xorasan Rəzəvi əyalətində ticarət və investisiya üçün geniş potensial mövcuddur və ümid edirik ki, bu aviareysin açılamsı ilə həmin əyalətdəki iqtisadi, sənaye və turizm potensialından geniş istifadə edəcəklər.”
Bakı-Məşhəd reysini “ATA Airlines” şirkəti 150 nəfərlik AirBus 320 təyyarəsi ilə həyata keçirəcək
Qeyd edək ki, bundan öncə İyunun 16-da İran İslam Respublikasının “ATA Airlines” şirkəti tərəfindən Tehran-Bakı-Təbriz və Təbriz-Bakı-Tehran reysinin ilk uçuşu həyata keçirilmişdi”.

 

raf-2

raf-3

Gununsesi.info