Ramazan ayının şah zirvəsi - QƏDR GECƏSİ

  • By admin
  • 13 İyun 2017 14:46

1466756056_22368

Ramazan ayının 18-dən 19-na keçən gecə (bu il iyunun 13-dən 14-nə keçən gecə) birinci Qədr gecəsidir.

Gununsesi.info məlumat verir ki, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib. Buna dair Müqəddəs Kitabda iki ayə var:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. (“Bəqərə”, 185) və “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!” (“Qədr”, 1). Bu ayələrdən aydın olur ki, Quran Ramazan ayında və Qədr gecəsi nazil olub.

Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının son 10 gününün tək gecələrindən biridir və daha çox ehtimal budur ki, 19, 21 və 23-cü gecələrindən biridir (27-ci gecə haqda da məlumat var). Bu gecələr xalq arasında “Əhya gecələri” kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir. Bu gecənin şəninə ayrıca bir surə nazil olduğu buna sübutdur. Məhz həmin surədə buyrulur: “Qədr gecəsi min aydan daha xeyirlidir!” (“Qədr”, 3).

Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. 

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəziləri bunlardır:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə.s) və İmam Huseynin (ə.s) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə.s) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Allah orucunuzu qəbul etsin!

 

MAİL AĞAXANOV

Gununsesi.info