“Ramazan dini olduğu qədər də milli bayramımızdır” -Qüdrət Həsənquliyev

  • By admin
  • 20 Aprel 2023 09:54

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib.

Gununsesi.info-nun xəbərinə görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Xalqımızın əsrlər boyu tapındığı, insanları Allah sevgisinə, haqqa, ədalətə, səsləyən İslam dinində on iki ayın sultanı sayılan Ramazan imanın, inamın, iradənin, qətiyyətin, Vətən, Xalq, İnsan sevgisinin, dürüstlüyün nəfsə, kamilliyin nadanlığa, xeyirin şərə qarşı dirəniş göstərdiyi, səbr, dözüm, paklıq və mərhəmət ayıdır. Ramazan dini olduğu qədər də milli bayramımızdır, milli mədəniyyətimizin, dünyagörüşümüzün ayrılmaz bir parçasıdır.

Bu gün işğaldan azad edilən torpaqlarımızdan ucalan azan sədaları milli iradəmizin, inamımızın, Tanrıya və Vətənə olan sevgimizin vəhdədindən doğduğu üçün ruhumuzu oxşayır, bizi tarixi yurd yerlərimizi yenidən dirçəltməyə çağırır.

Bu müqəddəs bayramda milli adət-ənənəmizə uyğun olaraq, dünyadan köçən doğmalarımızla bərabər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən, məscidlərimizi, ziyarətgahlarımızı, qürurumuzu düşmən tapdağından xilas edən şəhidlərimizi böyük ehtiramla anır, Vətən müharibəsinin iştirakçılarına Allahdan uzun və sağlam ömür diləyirik!

Allah oruc və dualarınızı qəbul etsin!

Bayramınız mübarək!

Tanrı Azərbaycanı qorusun!”