Ramazanda necə qidalanmalı?

  • By admin
  • 01 İyun 2017 17:38

ramazan qidalanma

İmsakda piroq, pendir, zeytun, sosis, kolbasa, sucuq, xurma, basdırma, bal, qaymaq və kərə yağı kimi qidaların hamısını eyni vaxtda qəbul etmək olmaz.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, sadalanan qidaların miqdarına nəzarət etmək daha çətindir . Ən pisi isə  bu ərzaqlar toxluq hissi vermir. Buna görə də imsakda meyvə, tərəvəz, ağartı məhsulları və ya yumurta ilə kifayətlənməlisiniz. Bundan başqa, ancaq 2 növ yeməklə məhdudlaşmaq daha doğrudur.
Xəmir xörəklərindən istifadə edərkən də  ehtiyatlı olun. Çünki xəmir xörəklərinin tərkibində yağın miqdarı yüksək olur. Bu isə daha çox kalori deməkdir. Ramazan ayında 30 gün ərzində orucu xəmir xörəkləri ilə açmaq kökəlməyə səbəb olur. Bu həm də sağlamlıq baxımından mənfi təsir göstərir. Çünki ağ undan hazırlanan xəmir xörəkləri qan şəkərinin tez yüksəlməsinə səbəb olur. Qan şəkərini normada saxlamaq üçün xəmir xörəklərini həftədə 2 və ya 3 dəfə yeyin. Ağ çörəyi isə kəpəkli, çovdar çörəyi ilə əvəz edin. Eyni zamanda, iftarda piroq, şorba, makaron və ya plovun yanında mütləq yüngül salat yeyin.

Oruc metabolizmdə bəzi dəyişikliklərə səbəb olur. Uzun müddətli aclıq nəticəsində metabolizm az enerji sərf etməyə başlayır, bədən hərəkətləri ləngiyir və metabolizm sürəti düşür. Bu prosesdə bütün gün oruclu olan orqanizmdə bir çox vitamin və mineral çatışmazlığı meydana gəlir. Metabolizmin sürətlənməsi üçün iftardan sonra fındıq, badam və qoz kimi yüngül çərəzlər yeyin. Bu, orqanizmi gündəlik ehtiyacı olan vitamin və minerallarla təmin edəcək.

Ancaq su ilə oruc tutmaq orqanizm üçün zərərlidir. İmsakda yalnız su içərək niyyət edib oruc tutmaq orqanizm üçün çox zərərlidir. Çünki bu qidalanma tərzi təxminən 18 saat ac qalmaq deməkdir. Bu da qan şəkərinin daha erkən saatlarda düşməsinə və müvafiq olaraq günün daha səmərəsiz keçməsinə səbəb olur. Özünüzü gün ərzində gümrah və sağlam hiss etmək, bütün işlərini yerinə yetirmək istəyirsinizsə, səhərlər mütləq qalxmalı və yemək yeməlisiniz. İmsakda yarım yağlı süd, qatıq, pendir, xiyar, əsmər çörək və ya yulaf kimi yüngül qidalardan ibarət olan səhər yeməyi yeyin.

İmsak və iftarda yeməyi sürətlə , tələsərək yemək olmaz.  Oruc müddətində bütün gün ac qalıb, mədəni birdən-birə yükləmək olmaz. Buna diqqət edilmədiyi təqdirdə sağlam insanlarda da zaman-zaman həzm problemləri meydana gəlir, mədə və bağırsaqlarda həddən artıq qaz toplanır, təzyiq anidən yüksəlir. Bu səbəbdən iftar süfrəsində müəyyən sərhəd çərçivəsində qidalanmaq və yeməkləri yavaş-yavaş yemək vacibdir.

Ramazanda  iftar vaxti dayanmadan çoxlu su içmək də doğru deyil. Havaların isti olması səbəbi ilə orucu açandan sonra dayanmadan və sürətli su içmək olmaz. Bundan başqa, qazlı içkilər və hazır meyvə suları dadlı olsa da, susuzluğu yatırmır və orqanizmi ehtiyacı olduğu maye ilə təmin etmir. Bu şəkildə su istehlakı mədə-bağırsaq sisteminin ani genişlənməsinə, qan təzyiqinin qəfildən aşağı düşməsinə və buna bağlı olaraq huşunuzu itirməyə səbəb ola bilər.

İçdiyiniz çay, qəhvə orqanizmdən tez xaric olur. Bu da gün ərzində daha çox susuzluq yaradır. Eyni zamanda, qanazlığı olanlar iftarla imsak arasında 5-6 fincandan çox çay və ya qəhvə içilməməlidir.Onsuz da az yeyirəm, doyunca şirniyyat yeyərəm, pricipi də sağlamlığa zərərdir. Uzun davam edən aclıqdan sonra qan şəkərinin azalması şirniyyat istəyinizin artmasına səbəb olur. Qan şəkərini yaxşılaşdırmaq üçün orucu açan kimi şirniyyata cummaq lazım deyil. Şirniyyat ehtiyacını meyvə ilə qarşılayın. Meyvələrin tərkibindəki vitamin, mineral və liflər qan şəkərinə müsbət təsir göstərir.

Meyvə ilə aranız yaxşı deyilsə, südlü desertlərə üstünlük verin. Südlü şirniyyatlar mədəni daha az yorur və kalorisi daha aşağıdır. Ramazan ayları yaya təsadüf etdiyi üçün paxlava və pirojna kimi ağır şirniyyatları dondurma ilə əvəz edin.

“Salat yemək mədəmi şişirdir” fikri doğru deyil!Süfrədə az da olsa, salat mütləq olmalıdır. Əks halda, az lifli və yüksək kalorili yeməklər bağırsaq və mədə ağrılarına səbəb olur. Bu problemlərin qarşısını almaq üçün salata 1 yemək qaşığı zeytun yağı əlavə edin. Xüsusən xiyarın tərkibindəki su faizi yüksək olduğu üçün maye ehtiyaclarını da qarşılayacaq.

“Az yesəm, arıqlayaram” fikrini başınızdan atın. Bilməyiniz vacibdir ki,  oruc arıqlamaq üçün deyil, nəfsi tərbiyə etmək, ona hakim olmaq üçün tutulur. Uzunmüddətli aclıq metabolizmi zəiflədir və sağlamlığı ciddi təhlükəyə salır. Eyni zamanda, Ramazanda həddindən artıq çəki itirmək metabolizmin fəaliyyətini pozur. Uzun müddət ac qalmaq əzələ itkisinə gətirib çıxarır, bu vəziyyət isə ürəyi yorur.

Allah orucunuzu qəbul etsin….

Gülnaz Qənbərli

Gununsesi.info