
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədriliyindən istefa verdi.
Gununsesi.info xəbər verir ki, bu haqda AQC-nin növbədənkənar iclasında qərar verilib.
Keçirilən iclasda İdarə Heyətinin iclasında Cəmiyyətin 9 ay ərzində gördüyü işlər dinlənilmiş və təşkilati məsələlərə baxılıb. İclasda AQC İdarə Heyətinin sədri Ramil Osmanlının vəzifədən azad olunması ilə bağlı müraciəti dinlənilib. O, istefasının səbəbini ötən 9 ay ərzində Cəmiyyətin fəaliyyətində dönüş yarada bilməməsində və səhhətində yaranmış ciddi problemlərlə əlaqələndirib.
AQC-nin təsisçisi və fəxri sədri, Avrasiya Qiymətləndiricilər Birlikləri İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və digərləri çıxış edərək Ramil Osmanlının ona etibar edilən vəzifəsini doğrultmamasını təəssüf hissi ilə qeyd ediblər. Bildiriblər ki, Ramil Osmanlı bu çətin, lakin şərəfli missiyanın cavabdehliyini öncədən görməli və bu etimada razılıq verməməli idi. Qeyd olunub ki, AQC qiymətləndirmə sahəsində ilk yaradılan Cəmiyyət olmaqla yanaşı, bir çox üstünlüklərə malik olsa da, bu vaxta kimi konkret layihələrə imza ata bilməyib. Halbuki, son 20 ildə Azərbaycanın maliyyə, əmlak, və konkret biznes sahələrində böyük nəaliyyətlər əldə olunub. Eyni zamanda nəzərə çatdırılıb ki, AQC-nin işində yaxın günlərdə kəskin dönüş yaratmaq üçün “Fəaliyyət Planı” hazırlanaraq təsdiq edilməli və yerinə yetirilməsinə ciddi nəzarət olunmalıdır. İclasda Cəmiyyətin İdarə Heyəti üzvləri tərəfindən Ramil Osmanlının istehfa ərizəsi əsas götürülərək, AQC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AQC-nin sədri vəzifəsinin icrası Cəmiyyətin növbəti konfransına kimi İdarə Heyətinin sədrinin müavini Nüsrət İbrahimova həvalə edilib. AQC-nin növbəti konfransının 2018-ci ilin I rübündə keçirilməsinin nəzərdə tutulmasına qərar verilib.
Vüsalə
Gununsesi.info