Xəbər verdiyimiz kimi, Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin icra olunmayan qərarları ilə bağlı iclas keçirir.
İclasda Azərbaycanda icra olunmayan bir neçə qərarlar da var.
Gununsesi.info-nun xəbərinə görə, həmin qərarlar arasında bir neçə il əvvəl Macarıstanda erməni hərbçini öldürməkdə ittiham olunaraq, ömürlük həbsə məhkum olunan Ramil Səfərovun Bakıya ekstradisiyası və həmin günü əfv edilməsinə dair qarşı tərəfin şikayəti də var.
Avropa Məhkəməsi müəyyən edib ki, Azərbaycan Səfərovu məhz erməni əsilli birinə qarşı cinayət törətdiyi üçün onu törətdiyi cinayətə görə cəzasız qoyub, şəxslərin həyatına qarşı cinayətlərin qarşısını almaq öhdəliyini pozub.
Ərizəçi tərəf Səfərovun əfv edilməsi ilə bağlı prezident sərəncamının ləğv edilməsini və ya alternativ olaraq Azərbaycan məhkəmələrinin prezidentin sərəncamına baxmasını istəyir.
Azərbaycan tərəfi pozuntunu tanıdığını və kompensasiya ödəyəcəyini bildirib.
Hökumət ədalətli kompensasiya, o cümlədən pozuntunun etiraf edilməsini ədalətin bərpası üçün yetərli hesab edir.
Gununsesi.info-nun əməkdaşının açıqlamasında isə Ramil Səfərov məsələni şərh etməkdən imtina edib.
“Mən hərbçiyəm və hər hansı bir açıqlama vermək səlahiyyətim yoxdur” deyə Səfərov bildirib.
Millət vəkili Naqif Həmzəyev isə saytımıza bildirib ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası qanuni olub və onun ölkə daxilində əfv edilməsi də qanuni prosedurla həyata keçirilib: “Bu gün Azərbaycan məhkəmələri tərəfindən də mühakimə olunub ağır cəza alanlar var. Həmin şəxslər bir neçə il sonra vətəndaşı olduqları ölkəyə ekstradisiya olunur. Onlar da orada amnistiya və digər hüquqi prosedurlarla azadlığa çıxa bilir. Burada qanunsuz heç nə yoxdur. Ramil Səfərov məsələsi də buna bənzər bir işdir. Azərbaycan Konstitusiyası Prezidentə əfv səlahiyyəti verir. Cənab Prezident də özünün müstəsna hüququndan istifadə edib”.
Deputat bildirir ki, ermənilərin bu işi Avropa Məhkəməsinə daşıması ölkəmizə qarşı aparılan siyasətin tərkib hissəsi olub.
Elmar Elnuroğlu
Gununsesi.info