Ramin Quluzadə Gəncəni internetsiz qoyub - SAKİNLƏR NARAZIDIR

  • By admin
  • 18 İyun 2018 08:08

Son zamanlar Azərbaycanın ikinci şəhəri hesab olunan Gəncədə ciddi internet problemi yaşanmaqdadır.

Bu barədə Gununsesi.info-nun elektron poçtuna adıçəkilən şəhərin müxtəlif yerlərində yaşayan sakinlərin yazdığı məlumatda qeyd olunur: “Gəncənin Nizami Rayonu Gülüstan qəsəbəsində yaşayan əhali axşam saatlarında demək olar ki, internet üzünə həsrət qalır. Problemin həlli üçün dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Gəncə Telekommunikasiya İdarəsinə getsək də heç bir nəticə olmayıb. Hər dəfə problemin həll ediləcəyi deyilsə də amma nəticə yoxdur”.

Elektron poçtumuza daha bir məktub isə Gülüstan qəsəbəsində yeni yaşayış massivi kimi tanınan AKTA  ərazisinin sakinləri tərəfindən göndərilib. Əsasən Kəlbəcər köçkünlərinin yaşadığı bu ərazidə interneti yalnız səhər saatlarında görə bilirlər: “Pullarını da alırlar amma internet verilmir”. 

Gəncənin Kəpəz rayonunun da əksər yaşayış məntəqələrində internet problemi var.

Bununla belə Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, Gəncədə “Multimedia xidmətlərinin  inkişaf  layihəsi” ilə  magistral xətlərin  yeni optik xətlərlə əvəz ediməsi üçün milyonlarla vəsait xərclənib.

Qeyri-iş günü olduğundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsələyə münasibətini öyrənə bilmədik.

Mövzuya qayıdacağıq.

Elmar