Həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən ordenlə yola salınan Ramiz Mehdiyevin personası ətrafında müzakirələr davam edir. Bu müzakirələrdə onu çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirirlər.
Bəs bundan sonra necə olacaq? Milli Elmlər Akademiyasının prezidenti postuna təsdiqlənən cənab Mehdiyev yenə siyasətin içində qalacaq, yoxsa tamamilə kənara çəkiləcək?..
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən yola salınsa da, digər bir neçə mühüm postun sədrliyində qalmaqdadır. Məsələn, ölkə başçısının dünən imzaladığı fərmanla cənab Mehdiyevin adı Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibinə əlavə edilib.
Gununsesi.org-un Modern.az saytına istinadən verdiyi məlumata görə, Ramiz Mehdiyevin hazırda sədri olduğu qurumlardan biri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasıdır.
Bu Komissiya 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarətdir. Qurumun 5 üzvü Prezident tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri (yaradılandan indiyə kimi Ramiz Mehdiyev) həyata keçirir.
Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.
Ramiz Mehdiyev Prezident yanında yaradılmış daha 3 qurumun da sədridir.
Bunlar aşağıdakılardır:
Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri;
Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri;
Prezident yanında Heraldika Şurasının sədri.
Əgər 81 yaşlı fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev bundan sonrakı fəaliyyətini sırf elm sahəsinə – Milli Elmlər Akademiyasının prezidenti postuna bağlayacaqsa, o halda onun yuxarıda adları çəkilən 4 qurumun sədrliyindən azad ediləcəyi istisna deyil…
Gununsesi.org