Ramiz Mehdiyevin YAP-dan kənarlaşdırılması gündəmə gəldi - DAHA BİR DEPUTAT SABİQ PA RƏHBƏRİNİ “VURDU”

  • By admin
  • 14 Fevral 2022 01:15

Milli Məclisin gənc deputatlarından biri olan, YAP İdarə Heyətinin üzvü Kamal Cəfərov PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevi tənqid edib.

Gununsesi.info deputatın qeydlərini təqdim edir:

 

Yeni həftə başlayacaq və sözsüz ki, bu həftənin ən çox müzakirə olunan mövzusu akademik Ramiz Mehdiyev oldu. Əslində ən çox müzakirə mövzusu onun cavabı oldu.

Birincisi, siyasi konfiqurasiyada hər kəsin bir birinə qarşı fərqli münasibəti ola bilər və dəyişə bilər. Bu normaldır. Ancaq şəxsi məqsəd üçün Milli Məclisin deputatını saxta və troll adlandırmaq hüquqi, siyasi və istənilən perspektivdən səhvdir, yanlışdır! Bu ölkəmizin konstitusion bütövlüyünə qarşıdır.

İkincisi, 44 günlük müharibə zamanı vahid milli mövqe göstərən siyasi partiyalara “avtobus müxalifəti” adlandırmaq cənab Prezident İlham Əliyevin dəmir yumruq konsepsiyasına ziddir. Çünki dəmir yumruq həm də bizim birliyimizin simvoludur. Əgər bu siyasi partiyalar bir məqsəd üçün birləşibsə, vahid mövqe göstəribsə, Şuşaya da səfər edibsə, bunun nəyi pisdir?

Mən bütün reaksiyaları diqqətlə izlədim. Bəzi siyasi partiya nümayəndələri haqlı olaraq deyirlər ki, əvvəl Əli Kərimli, Tofiq Yaqublu, Sevinc Osmanqızı bu termindən istifadə edirdi, indi də Ramiz Mehdiyev! Bəziləri qeyd edir ki, elə ola bilsin bu terminin müəllifi Ramiz Mehdiyevdir. Digər tərəfdən Ramiz Mehdiyevin radikal müxalifətin tezislərinə istinad etməsində məqsəd nədir?

Cavabında həmçinin qeyd edir ki, mən cənab Prezidentə sadiqəm, ancaq cavabının konteksti və mesajı tam bunun əksidir.

Bəziləri deyir ki, vaxtilə Ramiz Mehdiyevin yanında olanlar indi onun əleyhinə danışır. Ramiz Mehdiyevin ayrı siyasi partiyası olmayıb ki! Zamanında ona edilən diqqət də məhz cənab Prezidentin Aparatının rəhbəri olduğu üçün olub. İndi isə səhv ardına səhv edir. Bu səhvi isə sıradan bir insan yox, uzun müddət PA rəhbəri işləmiş şəxs edir. Özünün də qeyd etdiyi kimi, insan təbiəti naqisdir!

YAP İdarə Heyətinin üzvü kimi hesab edirəm ki, onun sonuncu cavabından sonra onu YAP sıralarından da uzaqlaşdırmaq olar. Keçmiş xidmət və fəaliyyət heç kimi məsuliyyətdən azad etmir.

Gununsesi.info