Ramiz Rzayev dirənir - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 27 Fevral 2023 21:21

Azərbaycan Ali Məhkəməsinin sədri üçün tələb olunan 68 yaş həddini ötən gün tamamlayan  70 yaşlı Ramiz Rzayev  vəzifəsindən getmək istəmir.

Belə ki, mətbuata açıqlama verən Ramiz Rzayev yeni qanuna görə onun səlahiyyət müddətinin başa çatmadığını deyib.

Bununla da Rzayev hələ uzun illər Ali Məhkəmə sədri postundan getmək istəmədiyini nümayiş etdirib.

Sirr deyil ki, ölkənin məhkəmə hüquq-sistemininin məhv edilməsində, ölkə vətəndaşının məhkəmə ədalətinə inamının itməsində xüsusi rolu olan şəxslərdən biri də məhz Ramiz Rzayevdir.

Qeyd edək ki, hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Azərbaycanda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı fərmanı olub. 

Həmin fərmanda bir neçə dəfə “korrupsiya” ifadəsinin yer alması əslində bu sahədə vəziyyətin hansı səviyyədə olduğunun isbatı idi. 

Bu gün Avropa Şurasına üzv ölkələr içərisində Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox şikayət göndərilən ölkələrdən biridir.

Hər il yüzlərlə vətəndaşın Azərbaycana qarşı işi üzrə qərarlar qəbul olunur. Bu qərarlara görə dövlət büdcəsindən külli miqdarda vəsaitlər vətəndaşlara ödənilir.

Ramiz Rzayevin fəaliyyəti nəticəsində həm də büdcəyə ziyan gəlir.

Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını ratifkasiya edəndən sonra Ali Məhkəmə Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyinin dövlət tərəfindən tanınması barədə xüsusi qərar qəbul edib.

Ötən illərdə nə baş verib?

Elə bir həftə, yaxud da elə bir ay olmur ki, konvensiyanın 5 və 8 (azadlıq və ədalətli məhkəmə araşdırması hüququ) -ci maddələrinin pozuntuları təkrarlanmasın.

 

Bu işdə isə əsas məsuliyyət payı  ömürlük Ali Məhkəmə sədri olmaq arzusu ilə yaşayan Ramiz Rzayevin üzərinə düşür.

Pərviz Həşimli

Gununsesi.info