
Bu ilin aprel döyüşəri kimi tarixə qanlı hərflərlə yazılan “4 günlk müharibə”də qoşunların təmas xəttində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan hərbi hissə komandiri, polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinasızlıqdan şikayətlənir. Bu haqda Gununsesi.info-ya danışan şəhid polkovnikin həyat yoldaşı Sevinc xanım Orucova qeyd edib ki, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilməyiblər. O, əməkdaşımızla söhbətində bu haqda ətraflı müsahibə verib…
–Sevinc xanım, Raquf Orucovun övladlarına dövlət tərəfindən ayrılan müavinətin hələ də sizə verilmədiyi söylənilir….
-Bəli… Raqufun uşaqlarına çatacaq pensiya müavinətini vermirlər. Verməmək üçün də əngəllər yaradırlar.
–Bəs bunu nəylə əsaslandırırlar?
-Heç bir şeylə… süründürməçilik, get-gəllə. Raquf Orucov və övladları yadlarından çıxıb, yaddaşlarından silinib yəqin. Tüpürüm onların pensiyasına, tüpürüm onların verdiyi pula da. Onlar bu pulu avtomatik gətirməliydilər. Özü də Raquf şəhid olandan həmən sonra. Onlar bu pulu minnətlə vermir e bizə… Bu, həyat yoldaşımın haqqıdır. Heç kəs bunu öz cibindən vermir. Ancaq buna baxmayaraq, dövlətin əlaqədar idarələrində hərə birinin üstünə göndərir. Ötür-ötürdür. O, bunun üstünə atır, bu da onun. Elə bil Raqufun ailəsi topdur ortalıqda. Eləcə yola verirlər,“gözləyin olacaq, olacaq” deyə-deyə süründürürlər…
–Kim deyir “olacaq-olacaq”?
– Əvvəl hərbi hissədən dedilər. Sonra özümüz getdik, Hərbi Qulluqçuların İşi üzrə Departament var, xüsusi rütbəlilərin… “Mətbuat” prospektində yerləşir. Dedilər gedin oraya, sənədləriniz iyunun 14-dən oradadır. Orada da olduq. Dedilər ki, vallah, bura sənəd gəlməyib. Sözügedən departamentdə cəmi 3 lazımsız sənəd var idi. Uşaqların doğum haqqında şəhadətnaməsi və nikah şəhadətnaməsi. Bu sənədlərlə də pensiya verilmir. Müavinətin verilməsi üçün əlavə sənədlər toplanmalıdır. Amma bir dəfə də zəng edib bu haqda bizə məlumat vermədilər. Maraqlanan da yoxdur. Həmin sənədləri bir-bir topladım. Qeyd edim ki, qayınatama da şəhid atası kimi pensiya müavinəti verilməlidir. Raqufun anası da şəhid olmuşdu. Qayınatam yataq xəstəsidir. Onun da sənədlərini hazırlayıb vermişəm. Hər dəfə zəng edib deyirəm ki, sənədlər hazırdır, gəlin aparın.
–Hara zəng edirsiniz?
-Bu işə baxan idarənin əməkdaşlarına. Hər dəfə də özlərini sanki bu dəqiqə gəlirlər kimi göstərib, yoxa çıxırlar. Yalan vədlərdən bezib, üstlərinə qışqırandan sonra 10 gün bundan əvvəl gəlib sənədləri apardılar. Orada sənədlərə baxıb deyiblər ki, yox, sənədlər iyunun 14-dən lazımı idarəyə verilib.
– Bunu sizə Müdafiə Nazirliyindən deyirlər?
-Bəli. Getmişik ki, sənədlərin arasında ölüm haqqında şəhadətnamə yoxdur. Maraqlanmayıblar da niyə yoxdur… Amma lazım olanda bizim telefonumuzu tez tapa bilirlər. Departamentdə də bu get-gəldən, süründürməçilikdən bezib nazirliyə zəng etdilər, məlum oldu ki, sənədlər yerinə çatıb. Sözügedən qurumun əməkdaşları nazirliyə zəng vurdular lki, bu adamların sənədləri yarımçıqdır. Nazirlikdən isə öz növbəsində cavab verirlər ki, hə, elədir, sənədlər bizdədir. Raquf Orucovun xanımı öndərib bizə. Nazirliyin əməkdaşlarınını şəhid ailəsinə etinasız münasibətinə əsəbləşən fondun əməkdaşları onlara sərt cavab verdilər; “Həmin sənədləri əlbəəl bizə çatıdırın. Sənədlər gəlsin ki, biz də onu icraata qoya bilək!”.
–Raquf Orucovun xəstə atasının yataqxanada yaşadığı söylənilir. Evsiz şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması üçün göstəriş də verilmişdi. Onu mənzillə təmin etdiərmi?
-Yox, mənzillə təmin etmədilər. Həyat yoldaşım 26 il orduda xidmət göstərib. Onun haqqını onsuz da yemişdilər. Heç bir səbəb göstərmədən sağlığında polkovnik rütbəsini , şəhidliyindən sonra isə “Milli Qəhrəman” adına təqdim vermədilər. Xalq müraciət etdi, eşitmədilər. Müdafiə naziri Zakir Həsənov gözünü yumub, qulaqlarını tıxadı… Zakir Həsənova dəfələrlə teleqramlar vurmuşam ki, bizi – şəhid ailəsini qəbul etsin. Amma qəbul etmədilər ki, görək, bu boyda hərbi hissənin komandirinnin, şəhid ailəsinin dərdi nədir? Anlaya bilmirəm, müdafiə naziri şərəflə döyüşüb şəhid olan zabitinə niyə belə yanaşdı? Əsgərdən də aşağı tutdular Raqufu. Başa düşmürük, axı müdafiə naziri daha hansı səviyyədə alçatmalıdır şəhid ailəsini… Mənə cavab versinlər, bundan aşağı da münasibət var? Mən əsgər ailəsi deyiləm ee… şəhid olmuş hərbi hissə komandirinin ailəsiyəm! Əgər bizə belə münasibət varsa, o zaman yazıq əsgər ailəsinə, görün , münasibət necə olacaq… Mənzilimizi 4 il əvvəl ipoteka ilə almışdıq. Əvvəlki nazir Raquf hərbi hissə komandiri olarkən soruşmuşdu ki, nəyə ehtiyacın var? Biləndə ki, evimiz yoxdur, Raqufun hərbi hissədə 20 illik xidməti münasibətiylə mənzil alması üçün təqdimat etmişdi. Prezidentimiz sag olsun, elə ilk təqdimatda bizə ev vermişdi. Yəni, hər şey təqdimatdan asılıdır. Necə təqdim edirlərsə, ona uygun da təltiflənmə olur. İpotekanın pulunu hələ Raqufun sağlığında özümüz ödəmişdik.
–Sevinc xanım, dediniz ki, saglığında Raqufa hərbi karyerasında yüksəlməsi üçün mane olanlar var idi…
-Bəli vardı… O, Raqufu məhv etməklə nə qədər insanı sındırdı. Nə qədər insanı ümidsiz qoydu, onların əllərini, biləyini, ürəyini soyutdu bu işdən. Başa düşürsünüz bu nə deməkdir? O qədər danışmışıq ki, əsəblərimiz korlanıb. Mənim iki övladım var. Onları böyütməliyəm.
– Pensiya müavinəti nə qədər müəyyənləşdirilib?
– İkisinə birlikdə 905 manat edir. Raqufun atası onun şəhid olmasından sonra insult keçirib. Yataq xəstəsidir, yataqxanada yaşayır. Deyirəm ki, adam yataq xəstəsidir, nə olar bir adam göndərin gətirsin sənədləri evdə imzalasın. Deyirlər ki, yox, mütləq özü buraya gəlməlidir.
– Bunu kim deyir?
– Sosial Müdafiə Fondunda deyirlər. Bunlar başa düşmür ki, onun yerimək halı olsa, gedib haqqını tələb edər. Oturar Zakir Həsənovun villasının qabağında, qarşısını kəsər deyər ki, ay kişi mənim oğlumun haqqını niyə yedin? Erməni Raqufun anasını da şəhid eləmişdi. Şəhidin oğlu şəhid oldu. Şəhid olan Zakir Həsənovun oğlu deyil ki… məmurun oğlu da şəhid olmadı ki…Nə deyim daha… Haqq səsimizi eşidən yoxdur…
…Həm də “Gülçöhrənin yerinə Asyanı bəzyib, düzəyib vermək” var bu ökədə. Raqufun yerinə kimisə “bəzəyib” təqdim etdilər. Hər şey təqdimatdan asılıdır. General Kərim Vəliyevə dəfələrlə müraciət etdik. Raqufun qoca, xəstə atası dəfələrlə sürünə-sürünə getdi, yalvardı kı, Zakir Həsənova deyin mənə beşcə dəqiqə vaxt ayırsın. İnanın ki, Həsənov onu qəbul etmədi. Yalançı generallar bunu belə etmədilər. Bu, faktdır. Görüş saatları var. Dana bilməzlər ki… Belə münasibət üçün xidmətə dəyərdimi? Həyat yoldaşım yaşasaydi, ailəsi hər şeylə təmin olunardı. Sabahın generalıydı… Layiq olduqları rütbəni, adları vaxtında vermirdilər ki…
…Görün, nə gündəyik ki, o cür yoldaşım gedib. Amma mən uşaqlarımın haqqının davasını cəkirəm. Biyabırçılqdır. Heysiyyətimizi tapdalayırlar. Bunlar belə edir ki, biz ölkədən çıxaq gedək. Heç vaxt ! Başqa yol da qoymurlar. Bunlar elə istyirlər deyək ki, hər şey sizin olsun, dərd bizim. Burada söhbət puldan getmir. Harda olsa, işləyib övladlarımı böyüdəcəm. Yaxşı kişilər var. Raqufun yaxşı dostları var. Onlar həmişə əziyyətlə dolanan uşaqlar olublar. Raquf rüşvətxor olmayıb. Onu ellər tanıyır. Əsgərə cibindən xərcləyib həmişə. Ağdamda iz qoyub o. Mənə bunların laqeyidliyi çox təsir edir. Dəfn zamanı burada Müdafiə Nazirliyindən bir nəfər rəsmi şəxs iştirak etmədi. Raqufu xalq yola saldı. Gəlmədilər. Bir general gəlmişdi. O da şəxsi dostluğuna görə. Yəni şəxsi münasibətə görə gəlmişdi, rəsmi yox. Haqq yerini tapsin. Bu qədər haqsızlıq olmaz axı… Özü də Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf olub. Kəşfiyyat bölüyünün komandiri kimi bu işin əsas ağırlığı Raqubun üzərinə düşürdü. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdi. Raquf Heydər Əliyevin əlindən şəxsən medal almış zabitiydi. Ən çətin kəşfiyyat taşırıqlarını yerinə yetirən zabitiydi. I Qarabağ Müharibəsi iştirakçısıydı…
Gülnaz Qənbərli
Gununsesi.info