Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər HƏBSDƏ QALDI

  • By admin
  • 26 Aprel 2017 19:40

c3ff3b92bc49ec92d6cd0febb5638098

 

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Səbail rayon Məhkəməsinin ötən il mayın 31-də çıxardığı hökmlə C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi ötən il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.

 

Gununsesi.info