Rasim Məmmədov hakim qarşısına çıxarılır - MƏŞHUR MONOPOLİSTİN İŞİNƏ BU HAKİM BAXACAQ

  • By admin
  • 12 Avqust 2022 09:13

Ötən ilin yanvar ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Rasim Məmmədovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən R.Məmmədov barəsində iş materailları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Artıq işə baxacaq hakim də təyin edilb. 55 milyon manatdan çox yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəmə prosesinə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, 38 yaşlı Leyla Əsgərova-Məmmədova bu il hakimlik fəaliyyətinə başlayıb. Bundan öncə 8 il Heydər Əliyev Mərkəzinin Hüquq Şöbəsində aparacı mütəxəssis işləyib.

DTX tərəfindən ictimaiyyətə elan edilən məlumata görə, Rasim Məmmədov tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verib.

Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info