Rasim Məmmədova cəza istənildi

  • By admin
  • 21 Noyabr 2022 18:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baku Steel Company-nin keçmiş rəhbəri Rasim Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə dövlət ittihamçısı Orxan Səmədov Məmmədovu bütün ittiham maddələri ilə təqsirli bilməyi və əmlakı müsadirə olunmaqla, 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi təklif edib.

Məmmədov CM-in 179.4 (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (yalançı sahibkarlıq, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş iqtisadi cinayətləri törətməsi barədə ona qarşı irəli sürülmüş ittihamları təkzib edib.

Noyabrın 28-də keçiriləcək növbəti iclasda vəkillərin və təqsirləndirilən şəxsin özünün yekun çıxışı olacaq.

Bu il fevralın 3-də Rasim Məmmədovu saxlayan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Məmmədov bir neçə il ərzində 13 milyon manatdan çox vəsaiti mənimsəyib, 42 milyon manatlıq məhsulu oğurlayıb.

Bununla da müəssisənin maliyyə vəziyyətinə ciddi ziyan vurulub. Bundan başqa, Məmmədov ayrı-ayrı şəxsləri aldadaraq, pul vəsaitlərini mənimsəyib. İstintaqın yekunlarına görə, Məmmədovun vurduğu ziyanın ümumi məbləği 185 milyon manat təşkil edib.

 

Günay

Gununsesi.info