Rauf Arifoğlu: “Vaxt gələcək siyasətdəki manevrlərimi dərsliklərdən oxuyacaqlar” - HEÇ KİMƏ XƏYANƏT ETMƏDİM

“Toplu halda, müxalifət liderləri uğursuzluqlarının səbəblərini mənə və qəzetimizə yükləməyi sevirlər. Həm Müsavat rəhbərləri, həm AXCP sədri öz elektoratına illərdir ki, hədəf olaraq məni göstərirlər. Bir qaralama, bir terror kampaniyasına hədəf oldum. Görünür, onlara belə rahatdı”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu onu ittiham edənlərə cavabında yazıb.

Onun sosial şəbəkə hesabındakı qeydlərini təqdim edirik:

“Bilmirəm, bir başqası buna dayana bilərdimi, amma mən dayandım və qəzetçi kimi işimi davam etdirirəm. Onların yanında olanda da qəzetçi idim, indi də. Mən dəyişməmişəm. Sadəcə, uğursuz bir komandadan, yanlış aparılan bir siyasi xətdən ayrılmışam, onlara təmənnasız media dəstəyimi çəkmişəm. Rauf Arifoğlu 1989-cu ildən 2015-cu ilə qədər, bu düşərgəyə bütün gücü ilə dəstək verdi, liderlərin qorxub, geri çəkildiyi yerdə irəli getdi, məğlubiyyət və fərariliklərini yaradıcılıqla ört-basdır etdi, hər mərhələdə yanlarında oldu, Qaraca Çoban kimi, düşmənlərinə girdi; bütün kampaniyaların əsas tribunasını yaratdı, müxalifətin informasiya siyasətini qurdu, iqtidarın informasiya texnologiyalarını çox zaman iflic duruma saldı… İki dəfə həbsxanaya girdi, partiyaya böyük maddi dəstək verdi… Amma bir son olmalı idi, ömrümü bu uğursuzlara xidmətdə keçirdəsi deyildim ki. 2013-cü ildən sonra müxalif düşərgədə qalmağın mənası yox idi və mən qərarımı elə həmin il vermişdim. Özlərinin təqdim etdiyi kimi deyil, mən heç kimə xəyanət etmədim, kimsəni və dəyərlərimi satmadım. Qəzetimi də götürüb, kollektivin maraqlarını birinci sıraya qoydum. YAP-a keçmədim, mühacirətə qaçmadım. Nə qəzetimin adını, nə iş yerimi, nə ölkəmi, nə dinimi, nə də millətimi dəyişdim. Proses kifayət qədər şəffaf oldu. Bunu o zaman İsa Qəmbər dəqiq ifadə etmişdi… Sadəcə, yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı, indi də boş qalıb. O boşluğa hər şey deyilə bilər, amma xəyanət deyilməz. Üstündən xeyli zaman keçib və indi daha çox adam qəbullanır ki, mən düz etmişəm. Bir zamanlar məni suçlayanların bir çoxları artıq məndən qoruduqlarını özləri suçlayırlar. (Belələrinin mənə bir üzür borcu var.) Əminəm ki, zaman gələcək, bu gün məni günahlandıran siyasətdəki keçmiş dostlarımın nəvələri mənim siyasi manevrlərimi, çevik qərarlarımı dərsliklirdən oxuyacaqlar”.

Gununsesi.info