“Exo” qəzetinin baş redaktoru, jurnalist Rauf Talışinski dəfn olunub.
Gununsesi.info xəbər verir ki, Təzə Pir məscidində jurnalistlə vida mərasimi keçirilib. Vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Bakının Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Elmira Axundova, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Rauf Talışinskinin həyatdan köçməsi Azərbaycan jurnalistikası üçün ağır itkidir: “Rauf Talışinski Azərbaycan jurnalistikasının formalaşmasında önəmli şəxslərdən biri idi. Rauf sözün həqiqi mənasında peşəkar jurnalist idi. Rauf Talışinskinin simasında rusdilli jurnalistika daha da möhkəmləndi. O, sədaqətli dost idi. Bu gün biz əziz dostumuzu haqq dünyasına yola salırıq. Allah rəhmət etsin, yeri behişt olsun”.
Vida mərasimindən sonra o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Gununsesi.info