
Yardımlı rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı və tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Bu barədə Gununsesi.info-ya Yardımlı rayonunun millət vəkili Musa Qasımlı məlumat verib.
Onun sözlərinə görə, sentyabr 7-də Yardımlı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı və tələbə adını qazanmış məzunlarla görüş keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, millət vəkili Musa Qasımlı,Təhsil Nazirliyinin əməkdaşı Ağayev Rövşən, hüquq-mühafizə orqanları, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Konfransda çıxış edən rayon təhsil şöbəsinin müdiri Səmədzadə Manaf «2016-2017-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə ilə çıxış edib. O, Heydər Əliyevin təhsil strategiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq son illərdə rayonumuzda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.
Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov , mllət vəkili Musa Qasımlı, Təhsil Nazirliyinin əməkdaşı Ağayev Rövşən konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışaraq yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik ediblər.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.


Mürtəza
Gununsesi.info













