“Real Madrid” çempion oldu

  • By admin
  • 27 May 2018 01:01

İspaniyanın “Real Madrid” klubu tarixində 13-cü dəfə futbol üzrə Çempionlar Liqasının qalibi olub. Gununsesi.info xəbər verir ki, “kral klubu” Avropanın ən nüfuzlu klub turnirində ardıcıl üçüncü zəfərini finalda İngiltərə “Liverpul”u üzərində 3:1 hesablı qələbə sayəsində əldə edib.

Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda keçirilmiş qarşılaşmanın ilk yarısında qol vurulmayıb.

51-ci dəqiqədə İngiltərə komandasının qapıçısı Loris Karius topu oyuna daxil etmək istərkən, əlindən yerə salıb. Bu zaman yaxınlıqda olan “kral klubu”nun hücumçusu Kərim Benzema topa dəqiq zərbə endirərək, hesabı açıb. Lakin bundan 4 dəqiqə sonra Sadio Mane bərabərlik qolunu vurmağa müvəffəq olub.

61-ci dəqiqədə Zinəddin Zidanın etdiyi əvəzləmə isə oyunda həlledici olub. İskonun əvəzinə meydana daxil olan Qaret Beyl dubl müəllifi olub. O, 64-cü dəqiqədə topu başı üzərindən fantastik zərbə ilə tora göndərib. 83-cü dəqiqədə isə Beylin uzaqdan vurduğu zərbədən sonra Karius topu əlindən buraxıb.

Beləliklə, “Real Madrid” 3:1 hesablı qələbə sayəsində Çempionlar Liqasının ən güclüsü olduğunu bir daha sübuta yetirib.

Gununsesi.info