Real TV-nin yayımından bir ay ötür - DANIŞACAĞIMIZ, GÖSTƏRƏCƏYİMİZ ÇOX REALLIQLAR OLACAQ (REPORTAJ)

  • By admin
  • 16 Aprel 2018 12:45

 

Tanınmış telejurnalist Mirşahin Ağayevin qurucusu olduğu Real Tv-nin fəaliyyətə başlamasının bir ayı tamam olur.

ANS-də çalışmış peşəkar jurnalistlərdən ibarət komandası ilə bu işə başlayan Mirşahin Ağayevin yeni layihəsinə sevinənlərlə yanaşı, onu hədəfə alanlar da tapıldı. Sevilənləri anlasaq da amma onu hədəf seçənləri başa düşmək olmur.

Ölkədə onlarla jurnalist var ki, 3-5 ildən sonra hansısa KİV rəhbəri olur. Amma həyatının az qala 30 iliini mediaya xidmətdə keçirən Mirşahin Ağayevin cəmi bir ay öncə hansısa media quruluşunun başında durması çox müzakirələrə səbəb oldu.

Əməkdaşımızın elə onun özünə “Bu ölkədə Mirşahin Ağayev də kanal rəhbəri olmayıb kim olasıdır ki…” sualına isə Real Tv rəhbəri yarızafat, yarıciddi “danışmağa, deyilənlərə cavab verməyə zamanımız olacaq” deyə bildirdi.

Mirşahin bəy qurucusu olduğu televiziyanın fəaliyyəti ilə bağlı geniş müsahibəni bütün ideyalarını həyata keçirən zaman verəcəyini dedi.

Kanalın əməkdaşlarından biri olan Səbinə Ağayeva isə əməkdaşımızla söhbədində deyir ki, Real Tv Azərbaycan teleməkanında öz yerini artıq tutub: “Məqsədimiz tamaşaçını obyektiv, real xəbərlərlə təmin etməkdir. Sosial şəbəkələrdə aparılan müzakirələr də bunu göstərir ki, bunu edə bilirik”.

Gununsesi.info-nun köşə yazarı Ləman Ələşrəfqızı da Real Tv əməkdaşları arasındadır.

“Cümhuriyyət ili”ndə özünün tarixi araşdırmaları ilə tamaşaçılar qarşısına çıxan Ləman xanım bildirir ki, Real TV xəbər məkanına bir aydır gəlsə də  özü ilə bərabər həm də bir dinamika, bir yeni nəfəs gətirib: “Məsələn, tamaşaçı  dövlət rəsmilərinin kamera qarşısına çıxıb açıqlama verməsini çoxdan yadırğamışdı. Mirşahin Ağayev bu ənənəni bərpa elədi. Bu təkcə hansısa bir məmurun mətbuat qarşısında hesabatlılığı deyil, həm də jurnalistika ənənələrinə hörmətdir, diqqətdir. OPEK-in baş katibi ilə müsahibə və bu müsahibənin xarici kanallarda Real TV-yə istinadən yayılması da düşünürəm ki, 1 ay fəaliyyət göstərən struktur üçün yaxşı göstəricidir”.

Əməkdar jurnalist bununla belə hesab edir ki, Real Tv kollektivi  daha yaxşı nəticələr üçün çalışmaq zorundadır: “Hər kəs üzərinə düşəni, əlindən gələni eləməlidir ki, 1 ilimizin tamamında daha yaxşı işlərdən danşaq. Mən də bu böyük məsuliyyətin altına çiyin verənlərdənəm. “Real”a gələn gündən mart qırğınlarının 100 illiyi ilə bağlı silsilə reportajlar və verilişlər hazırladım. İndi də müstəqil Cümhuriyyətin 100 illiyi ərəfəsindəyik.

Mayın 28-də bu möhtəşəm bayramı qeyd edəcəyik. Və biz Real Tv olaraq artıq aprelin əvvəlindən cümhuriyyətə bağlı silsilə verilişlərə start vermişik. Əminəm ki, hətta bir sənədli film də ortaya qoyacam. Təki Allah da biz deyəni desin”.

Telekanalın redaktoru Lalə Nurəddinqızı Azərbaycan cəmiyyətinin bu kanaldan ciddi gözləntisinin olduğunu deyir: “Bu bizə əlavə məsuliyyət verir. Ona görə də çalışacağıq ki, işimizi daha da yaxşı quraq və ölkənin teleməkanındakı boşluğu dolduraq. Sevindiricidir ki, ilkin bir ay ərzində bunu edə bilmişik”.

Gununsesi.info