“REAL”la Azər Qasımlı bu dəfə eyni dairədən rəqib oldular

  • By arzu
  • 13 Dekabr 2019

REAL-ın eks-Məclis başqanı Azər Qasımlı Yasamal rayon 17-ci seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlayıb. Gununsesi.org xəbər  verir ki, daha sonra eyni dairədən REAL Partiyasının sədri İlqar Məmmədov tanınmış vəkil Cavad Cavadovun da namizəd olacağını elan edib.

Məsələyə bağlı Azər Qasımlı feysbuk səhifəsində bildirib ki, iki gün əvvəl Erkin Qədirli ilə görüşüb: “O, məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin REAL-dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o, mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər, mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir. Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram”.

İlqar Məmmədov isə REAL Cümhuriyyətçilər İttifaqına daha iki namizədin rəsmən qoşulduğunu qeyd edib:

“Partiyamızdan Natiq Cəfərli və müstəqil namizəd, tanınmış vəkil Cavad Cavadov. Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən, Cavad Cavadov isə 17 saylı Yasamal seçki dairəsindən namizəd olacaq.

Ümumi dəyərlərimizi bölüşən bütün müstəqil yarış iştirakçılarını REAL Cümhuriyyətçilər İttifaqına dəvət edirik. Bu seçkidə demokratik qüvvələrə qarşı istifadə ediləcək ən güclü alət ənənəvi saxtalaşdırma deyil, səslərin parçalanmasıdır: nisbi səs çoxluğu qazanan namizəd yarışı udur. Uyğun hərəkət edək”.

Qeyd edək ki, 2010- cu ildə  gənc fəal Bəxtiyar Hacıyev də sözügedən dairədən namizəd olub. Hazırkı növbədənkənar parlament seçkilərində isə namizədliyini irəli sürüb sürməyəcəyini dəqiqləşdirməyib.

Gununsesi.org