“Reket” baş redaktorun məhkəməsində zərərçəkmiş ifadə verib: "5 MİN İSTƏDİ, 600-Ə RAZILAŞDIQ"

  • By admin
  • 06 Mart 2018 11:52

Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mustafa Muradov bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Gununsesi.info xəbər verir ki, o, müxtəlif adamları rəhbərlik etdiyi media orqanında rüsvay etməklə hədələyib pul almaqda günahlandırılan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin məhkəməsində ifadə verib. SurxayƏliyevlə yanaşı, müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redatoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal” qəzetinin baş redaktoru Maarif Abbasov da mühakimə olunur. Amma onlardan yalnız Surxay Əliyev  Hikmət Nəcəfli barəsində həbs-qətimkan tədbiri seçilib.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Mustafa Muradov məhkəmədə deyib ki, yanına çox jurnalistlər gəlib-gedib, ona görə də kimə pul verdiyi yadında deyil: “Tez-tez jurnalistlər gəlib deyirdilər ki, maşınımız xarab olub, cəbhə bölgəsinə gedirik, qəzet çıxarırıq-filan, hər dəfə kömək istəyirdilər. Bir ara internetdə şantaj xarakterli yazılar gedirdi. Surxay da zəng edib dedi ki, sizin də RabitəNazirliyinin həbs edilən vəzifəli şəxsləri ilə əlaqəniz olub. Mən ona yalvar-yaxar edib dedim ki, onları tanıyıram, amma bu işdə əlaqəm olmayıb. Surxay dedi ki, sənin haqqında yazılar hazırdı, yayacağıq. Əvvəl 5 min manat istədi, xahiş-minnətlə Hikmətlə 600 manata razılaşdıq. Yevlax postunda Surxaya pulu verdim”.

Amma zərərçəkmiş indi şikayətçi olmadığını bildirib.

İttihamda yazılır ki, Surxay Əliyev 47, Hikmət Nəcəfli 46 epizodda ittiham edilir.

Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizdou üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat,  G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, Surxay Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Əməliyyat zamanı

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev də həbs olunub. Amma o, ayrıca mühakimə olunur.

Gülər

Gununsesi.info