“Reket jurnalist” şəbəkəsinin məhkəməsində şok faktlar açıqlandı - ZƏRƏRÇƏKƏNLƏR İFADƏ VERDİ

  • By admin
  • 20 Fevral 2018 13:35

Reketçilikdə ittiham edilərək DTX tərəfindən həbs edilən şəxslərin məhkəməsi keçirilib.

Gununsesi.info Musavat.com-a istinadən  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal” qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ramidə İbrahimova ifadə verib.

O söyləyib ki, Pirşağıdakı dövlət poliklinikasında baş həkim işləyən zaman Hikmət Nəcəfli ona zəng edərək hədə-qorxu gəlib. Barəsində qəzetdə yazılar yazılacağını deyiblər.

Zərərçəkmiş söyləyib ki, poliklinikanın fəaliyyəti ilə bağlı qəzetdə bir neçə dəfə yazı çap edilib. Ramidə İbrahimova daha sonra Surxay Əliyevlə görüşdüyünü söyləyib:

“Hikmət mənimlə kobud danışırdı. Mən soruşdum ki, rəhbərin kimdir. Surxayın nömrəsini verdi. Surxayla danışdıq. O, mənimlə çox mədəni şəkildə danışdı. 2 min manat istədilər. Mən də 500 manat verdim. Bayram qabağı idi, Surxay müəllimə dedim ki, xanımına hədiyyə alsın”.

Zərərçəkmiş bildirib ki, barəsində yazılar yazıldıqdan sonra Səhiyyə Nazirliyindən polklinikaya yoxlamalar da gəlib. Onun sözlərinə görə, yoxlamalar zamanı nöqsanlar aşkarlanmayıb.

R.İbrahimova daha sonra da S.Əliyevə 200 manat verdiyini qeyd edib.

Digər zərərçəkmiş isə Təranə İbrahimova olub. O da poliklinikanın əməkdaşı olub. Zərərçəkmiş söyləyib ki, onun barəsində də rüsvayedici yazılar yazılıb, amma onlara pul verməyib.

Məhkəmədə zərərçəkmiş kimi AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev ifadə verib.

O söyləyib ki, təqsirləndirilən şəxslərdən Surxay Əliyev və Gülbəniz Əliyevanı tanıdığını deyib.

Fikrət Nuriyev qeyd edib ki, barəsində şantaj xarakterli yazılar yazılacağını deyib. Amma bu yazıları Surxay Əliyev yazmayıb: “Surxay mənimlə görüşdü, danışdı. Dedi ki, sizin barənizdə faktlar var. Amma məndən heç nə tələb etmədilər. Surxay mənə nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min istədiyini dedilər. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. Pulu iki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim”.

Surxay Əliyev isə bununla razşlaşmayıb, deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib. O, F.Nuriyevin Gülbənizə hörmət etmək üçün pulu verdiyini deyib.

Xırdalandakı dövlət bağçasının müdirəsi Könül İbrahimova da zərərçəkmiş kimi məhkəmədə ifadə verib.

O söyləyib ki, Hikmət Nəcəfli ona zəng edərək kobud şəkildə şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyiblər.

“Kobud şəkildə danışırdı. Mən də əsəbləşdim. Dedim ki, nə edirsənsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim və mədəni şəkildə danışmağa başladı, dedi ki, mənim kimi xanımlara hər zaman hörmət edib.

Bir gün sonra mən evə gedəndə işdən zəng gəldi ki, bir xanım bağçaya gəlib və mənimlə görüşmək istəyir. Mən də telefonuna zəng edib danışdım. O dedi ki, sizin bağçada rüşvət alınması ilə bağlı video var. Məni nəşriyyata dəvət etdi. Bildim ki, həmin xanım Gülbəniz Əliyevadır.

Həqiqətən də video var idi ki, bizim metodistimiz valideynə söyləyib ki, 300 manat verməsə bağçaya uşaq götürməyəcəklər. Mən dedim ki, metodist fərdi şəxsdir. O da mənə dedi ki, metodist fərdi şəxs olsa da bu söhbət bağçanın nüfuzuna xələl gətirəcək. Mən də bunu düşünüb nəşriyyata getdim. Həmin videonu məni satacaqdılar. Nəşriyyatda Gülbənizlə görüşdüm. 500 manat istədi. Əli ilə 5 göstərdi. Birinci soruşdum ki, 50 manat? Dedi ki, 50 yox, 500 manat. Mən də verdim. Amma videonu vermədi”.

Şəfiqə Balaşova da zərərçəkmiş kimi məhkəmədə dindirilib. O, Bakıda fəaliyyət göstərən “Leon” kafesinin inzibatçısı olub.

Zərəçəkmiş Ş.Balaşova söyləyib ki, Surxay Əliyevin redaktoru olduğu qəzetdə kafesi barədə yazılar yazılıb. Həmin yazılarda kafenin əxlaqsızlıq yuvası olduğu yazılıb.

“Surxay Əliyevə zəng elədim. Yazıların səbəbini soruşdum, dedi ki, 500 manat verməsə, yazıları davam etdirəcək. Mən də dövlət qurumlarına məlumat verəcəyimi dedim. Surxay hər yerdə adamının olduğunu dedi. Sonra Hikmətlə danışdım. Məndən 500 manat istədilər. Surxayın da gəldiyi maşında 500 manatı onlara verdim”.

Surxay Əliyev zərərçəkmişdən pul almadığını deyib.

Digər zərərçəkmiş Hikmət Nəcəfli isə zərərçəkmişdən hansı əməlinə görə məhkumluq həyatı yaşadığını soruşub. Məhkəmə bu sualın cinayət işinə aidiyyatı olmadığını bildirib.

Amma Hikmət Nəcəfli zərərçəkmişin insan alverinə görə məhkumluq həyatı yaşadığını söyləyib.

Məhkəmədə ifadə verən bütün zərərçəkmişlər şikayət və tələblərinin olmadıqlarını deyiblər.

İttihamda yazılır ki, S.Əliyev 47, H.Nəcəfli 46 epizodda ittiham edilir.

Surxay Əliyev epizodu üzrə 66 min manat, H.Nəcəfli epizdou üzrə 78 min manat, İ.Abbasovanın 7300 manat, M.Abbasov 7500 manat, S.Məmmədsalayeva 20 min manat, G.Əliyevanın epizodu üzrə 3900 manat ziyan dəydiyi bildirilib.

Surxay Əliyev və M. Abbasov özlərini təqsirli bilmədiklərini deyiblər. H.Nəcəfli, S. Məmmədsalayeva, İ.Abbasova qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

İ.Muradov