“Reket” jurnalistin işi məhkəməyə göndərildi - HABİL VƏLİYEVDƏN 100-Ə YAXIN ZƏRƏRÇƏKƏN ŞİKAYƏT EDİB

  • By admin
  • 24 Noyabr 2017 13:12

Bir neçə ay öncə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilmiş “Gündəlik Bakı” qəzetinin, o cümlədən “reket” xarakterli bir neçə saytın təsisçisi və rəhbəri olmuş Habil Vəliyevin cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Gununsesi.info-ya məlumat verən mənbə qeyd edir ki, Habil Vəliyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əldə etdiyimiz informasiyada o da deyilir ki, Habil Vəliyevin cinayət işi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin işindən ayrılıb. Surxay Əliyevin cinayət işi ilə bağlı istintaq hələ davam edir.

Həmçinin o da bildirilir ki, Habil Vəliyevin cinayət işində 100-ə yaxın şəxs zərərçəkmiş kimi tanınıb. Həmin şəxslərdən biri də Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovdur.

Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında DTX tərəfindən həbs olunan Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. O, Cinayət Məcəlləsinin 182 və 302-ci maddələri ilə ittiham olunur.

Gununsesi.info