Ləğv olunmuş MTN-nin Anti Terror Mərkəzinin sabiq rəis müavini (həbsindən sonra intihar edib) İlqar Əliyevin yaxın dostu Elnur Vaqifoğlu adlı jurnalistin müəllifiyi ilə “MENORA – Kəşfiyyat tapşırığı” adlı detektiv romanı ilə bağlı yeni məqam üzə çıxıb.
Buna səbəb isə MTN-də çalışdığı illər ərzində yüzlərlə günahsız insanın həyatını məhv edən, ailələri, övladları gözüyaşlı qoyan bir şəxsdən “qəhrəman” düzəldənlər onu əsl çekist kimi cəmiyyətə sırımağa çalışmasıdır.
24saat.org saytı “MENORA – Kəşfiyyat tapşırığı” adlı kitabla bağlı araşdırmasında bu romanın əslində İlqar Əliyevə aid olduğunu üzə çıxarıb.
Gununsesi.info həmin saytdan bəzi məqamları təqdim edir:
Bu günlərdə 24saat.org saytı İlqar Əliyevin qətli və ümumilikdə kimliyi barədə hamının diqqətindən kənarda qalan çox önəmli bilgiyə sahib olub.
Söhbət İlqar Əliyevin yaxın dostu olduğunu heç bir zaman gizlətməyən, hətta onun qəbri üzərindən şəkillərini sosial şəbəkələrdə paylaşan jurnalist Elnur Vaqifoğlunun 27 mart 2014-cü ildə yekunlaşdırdığı “MENORA – Kəşfiyyat tapşırığı” adlı detektiv romandan gedir.
Müəllif kitabın girişində “Bu romanda qeyd olunan hadisələr və isimlər sadəcə müəllifin təxəllüyülün məhsuludur, reallığı əks etdirmir” qeydini yazsa da, zənnimizcə, müəllifin bu qeydi reallıqdan çox uzaqdır.
Öncəliklə bildirək ki, romanın qəhrəmanı xəfiyyə orqanlarının əməkdaşı polkovnik Mustafazadədir. “Zadə” sonluğunun fars dilindən tərcümədə “oğlu” mənasını verdiyini yəqin ki, hamı bilir. Belə olan təqdirdə Mustafazadəni “Mustafa oğlu” kimi oxumaqda da qəbahət olmaz. İntihar etdiyi bildirilən MTN polkovniki İlqar Əliyevin atasının adının Mustafa olduğunu nəzərə alsaq, Elnur Vaqifoğlunun bəhsigedən “qeydi” ilk həmlədəcə əhəmiyyətini itirir.
Amma əldə etdiyimiz məlumatlarda romanın qəhrəmanı polkovnik Mustafazadənin məhz İlqar Əliyev olduğunu sübut edən xeyli dəlil var.
Bunlardan biri kitabın 64-cü səhifəsində şifrələnib. Müəllif incə ayarlama ilə əslində polkovnikin həqiqi kimliyini ortaya çıxarmağa, sankı bunu qəsdən mesaj verməyə çalışır.
Elə həmin andaca Mustafazadə ilə gələn mayor Mehdiyevin şəxsən idarə etdiyi nömrə nişanın sonu “333” olan qara rəngli son model “infiniti” yerindən “raket sürətilə” tərpənərək Azərbaycana doğru itiqamət götürdü…
Gəlin şifrəni açaq. Öncə mayor Mehdiyevdən başlayaq. MTN polkovniki İlqar Əliyevlə birlikdə onun tabeçiliyində olan mayor Azər Mehdiyevin də həbs olunduğu yayılan rəsmi məlumatlar arasında özünə yer tapıb.
24saat.org saytına verilən məlumata görə, İlqar Əliyevin şəxsi maşını “İnfiniti” markalı olub və nömrə nişanının sonu 333 ilə qurtarıb. Hazırda həmin nömrənin İlqar Əliyevin xanımın idarə etdiyi “Range Rover” markalı avtomobilin üzərində olduğu da bizə verilən məlumatlar arasındadır.
Kitabın 25-ci səhifəsində isə qara rəngli “Land Rover Diskovery” markalı avtomobildən və sürcü Salehdən söz açılır. Əldə etdiyimiz məlumata görə, MTN polkovniki İlqar Əliyevin xidməti maşını “Land Rover Diskovery” olub və sürücüsün adı Salah olub. Müəllifin polkovnik Mustafazadə kimi təqdim etdiyi şəxsin MTN polkovniki İlqar Əliyev olduğunu sübut edən daha bir məqam isə romanın 24-cü səhifəsində yer alan qəzetlə bağlıdır. Romanda adı açıqlanmayan qəzetin köşə yazarları Çinarə Vüqarlı və Kamran Məhərrəmlinin “əsas məsələ” rubrikasında yazılar yazdığı vurğulanır. “Təsadüfləri” izləyərək adıçəkilən müəlliflərin həqiqətən də “əsas məsələ” rubrikası altında özlərinin də xəbəri olmadan, sadəcə peşə fəaliyyətini yerinə yetirmək məqsədi ilə məhz MTN-ə, xüsusilə də İlqar Əliyevin çalışdığı Anti Terror Mərkəzinə bağlılığı ilə tanınan “Gündəlik Bakı” qəzetində künc yazıları ilə çıxış etdiklərini qeyd etməmək olmur.
Bununla belə kitabın sonluğunda millət vəkili Cavid Qurbanova göstərdiyi dəstəyə görə, təşəkkür edilir.
Gununsesi.info-nun araşdırması zamanı “reket jurnalist” kimi tanınan Elnur Vaqifoğlunun kitaba belə bir qeyd daxil etməsi onun əslində millət vəkilinə çamur atmasını üzə çıxarıb. Onun bu böhtanı nəinki, 40 gün hətta 40 saat belə çəkməz.
Çünki, İlqar Əliyev MTN-də çalışdığı son 5 il ərzində mütəmadi olaraq, nəzarətində olan reket qəzetlərdə (Onlardan biri də “Gündəlik-Bakı idi-red.”) Cavid Qurbanov əleyhinə böhtan yazdırıb.
Bu o İlqar Əliyevdir ki, jurnalist Pərviz Həşimlini həbs edərək, ondan Cavid Qurbanova və digər yüksək vəzifəli şəxslərə böhtan atmağı tələb edib. Jurnalist bu faktı hələ Eldar Mahmudovun “kəsdiyi başa” sorğu olmayanda məhkəmə çıxışlarında və mediaya bəyanatlarında səsləndirmişdi.
Təkcə bu fakt kifayyət edir ki, Cavid Qurbanovun belə bir adamın adına nəşr olunan kitaba hansısa maliyyə dəstəyi göstərməsi mümkünsüzdür.
Həmçinin, saytımızın araşdırması zamanı o da bəlli olub ki, Elnur Vaqifoğlu elə millət vəkili Cavid Qurbanovun özü tərəfindən məhkəməyə verilib. Buna səbəb isə onun millət vəkilinə dəfələrlə böhtan atması, barəsində həqiqətəuyğun olmayan yazılar dərc etdirməsi olub. Bununla bağlı Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə keçirilən prosesdə xüsusi qərardad çıxarılıb. Qərardadda cavabdehin iddiaçının şərəf və ləyaqətini alçaldan, böhtan və yalan məlumatların yayılması, təqsirsizlik prezumpsiyası hüququna edilən müdaxilələr kimi hərəkətləri qanunsuz hesab edilməklə,bu cür hərəkətlərə son qoyulması, cavabdehlərin iddiaçının şərəf və layaəqətini alçaldan, işgüzar nüfuza xələl gətirəcək məlumatların bir daha nəzarətlərində olan saytlarda yayılması qadağan edilir.
Görünür, mənasız bir kitaba millət vəklinin adını daxil eləmək “reket jurnalistika”nın yeni metodlarındandır. Ancaq bu adamlar deyəsən, unudub ki, dövlətin güc strukturları son zamanlar cəmiyyətin bəlasına çevrilən “reket media”nı sıradan çıxarır.
Gununsesi.info