Mətbuat Şurasının sədri Rəşad Məcid orta məktəblərdə vahid məktəbli geyimi ilə bağlı qərarın ətrafında yaranan müzakirələrə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o, fikirlərində hicabın qadağan olunmadığını, müzakirələrin isə orta məktəblərdə vahid geyim tərzi qərarı ilə bağlı olduğunu vurğulayıb.
Rəşad Məcid qərarın bu qədər geniş və mütəşəkkil etirazla qarşılanmasının müəyyən şübhələr yaratdığını qeyd edib.
O, dünyəvi təhsilə və sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdid əlamətlərinin göründüyünü iddia edib.
MŞ sədri həmçinin bildirib ki, hicab tərəfdarlarının bir qismi öz mövqelərini səmimi şəkildə müdafiə edə bilər.
Bununla belə, onun fikrincə, orta məktəblərdə hicabın tərəfdarı olmaq və vahid məktəbli geyiminə qarşı çıxmaq dünyəvi Azərbaycan dövlətinin mövcudluğuna qarşı mövqe kimi qiymətləndirilə bilər.
O, eyni zamanda Azərbaycanın maarifpərvər ziyalılarının cəhalət və xurafata qarşı mübarizəsini xatırladaraq, dinin hakim olduğu ölkələrdə baş verən proseslərə diqqət çəkib.
Rəşad Məcid həmçinin din pərdəsi altında müəyyən qrupların öz iradə və iddialarını cəmiyyətə qəbul etdirməyə çalışmasının gələcək təhlükələrin əlaməti ola biləcəyini bildirib, dünyəvi dövlət tərəfdarlarını, aydın düşüncəli insanları və ziyalıları daha fəal olmağa, müzakirələrə qoşulmağa və mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb.
Orxan










