Respublikada taxıl biçininə start verilib. Bu il ölkədə 1019934 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 606338 hektarını buğda, 413596 hektarını isə arpa sahələri təşkil edir.
Hazırda Azərbaycanın 38 rayonunda arpa biçini aparılır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.
İyunun 9-na olan operativ məlumata görə, biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 417, fiziki və hüquqi şəxslərin isə 569 kombaynı iştirak edir. “Aqroservis” ASC tərəfindən biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə kombaynlar dislokasiya olunub.
Qeyd edək ki, “Aqroservis” ASC-nin kombaynları sahəsi ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.
Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis” ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir.
Gununsesi.info