Fransa İsrail və Livan arasında münaqişənin həlli üçün ölkələr arasında hərbi əməliyyatların dayandırılmasını və sərhəd mübahisəsinin həllini təmin etmək üçün nəzərdə tutulmuş sülh planını təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik bildirib ki, dörd Livan və üç Fransa rəsmisinin sözlərinə görə, sənəd keçən həftə Fransanın xarici işlər naziri Stefan Sejournet tərəfindən baş nazir Nəcib Mikati də daxil olmaqla Livan rəsmilərinə çatdırılıb.
Sənəddə “nəzarətdən çıxmaq riski ilə üzləşən” münaqişənin qarşısının alınması və “bunun üçün əlverişli şərait olduqda potensial atəşkəsin” təmin edilməsi məqsədi bəyan edilir. Sənəd həmçinin Livan və İsrail arasında mübahisəli quru sərhədinin delimitasiyası üzrə danışıqların aparılmasını nəzərdə tutur.
Plan Livan silahlı qrupları və İsrailin bir-birinə qarşı hərbi əməliyyatları, o cümlədən İsrailin Livandakı hava hücumlarını dayandırmasını tələb edir.
Sənədə əsasən, Livan silahlı qrupları sərhədə yaxın bütün binaları və tikililəri sökəcək və döyüş qüvvələrini, o cümlədən Hizbullahın elit Radvan döyüşçüləri və hərbi texnikasını sərhəddən ən azı 10 km şimala çıxaracaq.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı vurğulamışdı ki, Rəfahdakı hərbi əməliyyatlar, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün etibarlı və mümkün plan olmadan davam etməməlidir.
Eyni zamanda, Almaniyanın xarici işlər naziri Annalena Berbok Rəfah şəhərinə hücumun mümkün nəticələri barədə xəbərdarlıq edib. Onun britaniyalı həmkarı David Kemeron da İsrail ordusunun Rəfahda planlaşdırdığı əməliyyata qarşı çıxıb.
Gununsesi.info