
Azərbaycan Dövlət Neft Fondundan Mərkəzi Banka makroiqtisadi vəziyyəti sabitləşdirmək üçün 7,5 mlrd manat (təqribən 4,22 mlrd dollar) limit ayrıldı. Bu proses iqtisadiyyata və manata hansı təsirləri göstərəcək?
Maliyyəçi-ekspert Cəfər İbrahimli Gununsesi.info-ya şərhində bildirib ki, əslində, bazara belə bir müdaxilənin edilməsi vacibliyi uzun müddət idi ki müzakirə edilirdi:
“Fondun vəsaitlərindən bazara injektə olunmalı idi ki, iqitsadiyyat dirçəlsin. İlk dəfə olaraq, belə bir hadisə reallaşdı. Indiyədək, Dövlət Neft Fondu büdcəni maliyyələşdirmək məqsədilə məhdud səviyyədə valyuta sata bilirdi. Ona görə də, bazarın tələbi olduğu bir vaxtda, maliyyə bazarındakı problemi aradan qaldırmaq üçün Mərkəzi Banka edilən bu transfert normal bir addımdır. Onsuz da, rezervlər iqtisadiyyatda yaranmış problemləri aradan qaldırmaq üçün istifadə olunmalıdır”.
C.İbrahimli əlavə edib ki, vəsaitlərin Neft Fondu vasitəsi ilə birbaşa deyil, Mərkəzi Bank tərəfindən iqtisadiyyata ötürülməsi gözlənilən idi:
“ Əslində, Fond tərəfindən iqtisadiyyata pul baxımdan niyə yardım etmədiyi müzakirə olunurdu və bunun mexanizmi düşünülürdü. Həmin mexanizm Mərkəzi Bank vasitəsilə həyata keçiriləcək”.
Ekspert qeyd edib ki, həm Strateji Yol Xəritəsində, həm də Mərkəzi Bankın 2017-ci il pul siyasətində tam üzən məzənnəyə keçid nəzərdə tutulur:
“Burada iki məqam var: Ya manatın kursunu sabit səviyyədə saxlamaq üçün Mərkəzi Bank həmin vəsaitlərdən istifadə edəcək, ya da üzən məzənnəyə keçmək üçün yaranacaq prosesləri tənzimləməyə çalışacaq. Hökumətin 2017-ci il pul siaysətinə baxsaq, düşünürəm ki ikinci varinata-tam üzən məzənnəyə keçidə üstünlük verəcəklər. Mərkəzi Bank isə əlindəki vəsaitlə yarana biləcək dalğaları sabitləşdirmək üçün istifadə edəcək”.
C.Ibrahimliyə görə, biznes və maliyyə sektoru tam üzən məzənnəyə keçidə hazırdır: “Artıq bu sektorlar gözləmə mövqeyindədir. Əgər iqtisadiyyatda, cəmiyyətdə bir gözlənti reallaşıbsa, onun həyata keçirilməsi iqtisadiyyat üçün daha müsbət nəticələrə gətirib çıxara bilər”.
Vüsalə Rüstəmova
Gununsesi.info