Rezidenturaya qəbul olmaq üçün müsabiqənin nəticələri açıqlandı

  • By admin
  • 15 İyul 2017 17:40

58fa042ab7aca_muellim imtahan902579_481880
Dövlət İmtahan Mərkəzi 15 iyul saat 16:00-dan etibarən 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, nəticələri DİM-in internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 508 namizəddən 470 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 154 nəfərini oğlanlar, 316 nəfərini qızlar təşkil edir. 285 namizəd cari ilin, 185 namizəd isə əvvəlki illərin məzunudur.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 18-dən 24-dək olan müddətdə müvafiq quruma:

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;
Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qeyd edək ki, müsabiqənin nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün DİM tərəfindən Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apelyasiya Komissiyasına 17-18 iyul 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Gununsesi.info