RİA: Bakının Ukraynaya yardımı Rusiyanı narahat edir?

  • By admin
  • 06 Mart 2022 15:00

Rusiyada Ukrayna lideri Zelenskinin Azərbaycandan qaz xahiş etməsi və bunun müsbət cavablandırılması barədə açıqlaması ətrafında qəribə rəy formalaşdırılmasına çalışılır.

Gununsesi.info  xəbər verir ki, bəzi informasiya vasitələri Azərbaycanın Rusiyanın müttəfiqi olduğu halda bu cür addım atmasının səbəbini müzakirəyə çıxarıblar.

Bu istiqamətdə “RİA Novosti”nin sualını cavablandıran “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib ki, Azərbaycanın Ukraynaya tədarük etdiyi qaz Rusiyaya qarşı müharibədə istifadə olunan “raket” deyil:

“Rusiya ilə müttəfiqlik müqaviləsi imzalayan Azərbaycanın Ukrayna rəhbərliyinin xahişindən imtina etməməsində heç bir təəccüblü cəhət yoxdur. Azərbaycan Ukraynaya Rusiyaya qarşı mübarizədə istifadə edə biləcəyi hansısa öldürücü silah verməyib; söhbət rusların da qardaş xalqı olan ukraynalıların bu soyuq günlərdə qaz almasından gedir”.

A.Camalqızı vurğulayıb ki, Azərbaycanın bu addımı Rusiya xalqının və hakimiyyətinin də marağındadır, çünki Rusiya özü də mülki əhalinin əziyyət çəkməməsi üçün bütün qüvvələrini səfərbər etdiyini bildirir və bu baxımdan Rusiyanın Bakının bu addımını dəstəklədiyi şübhəsizdir:

“Bu məqamda Rusiya ordusunun Ukraynada apardığı hərbi əməliyyatda əhaliyə necə həssaslıqla yanaşdığı haqda paylaşdığı mövqeni xüsusi vurğulamalıyıq. Putinin də dediyi kimi, ukraynalılar və ruslar eyni xalqdır və aparılan əməliyyatın mülki ukraynalılara heç bir aidiyyəti yoxdur. Əksinə, Rusiya Müdafiə Nazirliyi ötən gün Xarkov sakinlərinə 30 ton humanitar yardım çatdırdı, rəsmi açıqlamaya görə, mülki əhalinin qorunması üçün rus ordusu əlindən gələni edir. Rusiya ordusunun hədəfində də yalnız hərbi obyektlərin olduğunu qarşı tərəfin də rəsmi məlumatlarından görürük. Yəni Azərbaycanın Ukrayna hakimiyyətinə Rusiyaya qarşı döyüşmək üçün silah deyil, rusların qardaşı olan bir xalqa bu çətin, ağır, soyuq günlərdə qaz verməsindən söhbət gedir. Tam əminəm ki, Azərbaycanın bu addımı Ukraynada rusları və mülki ukraynalıları qorumaq üçün bütün gücünü səfərbər edən Rusiya hakimiyyətinin və xalqının nəinki marağındadır, həm də bunu dəstəkləyir”.

Politoloq qeyd edib ki, Rusiya müttəfiq, Ukrayna isə dostdur.

A.Camalqızı Azərbaycanın Ukraynaya humanitar yardımlar göstərdiyini də xatırladıb və bildirib ki, Azərbaycanda ukraynalı və rus qarışığı olan minlərlə ailə yaşayır, eyni zamanda hər iki ölkədə milyonlarla azərbaycanlı yaşayıb-işləyir və baş verənlər bizi ciddi şəkildə narahat edir.

Politoloq həmçinin qeyd edib ki, zərurət olacağı təqdirdə azərbaycanlıların Ukraynadan Rusiyaya qaçqın düşənlərə də yardım edəcəyinə inanır.

Gununsesi.info