“RİA Novosti” niyə bloklandı? – RƏSMİ AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində “RİA Novosti” agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasına münasibət bildirib.

Gununsesi.info  Report-a istinadən xəbər verir ki, nazirlik ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılmasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimləndiyini bildirib.

“Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.

Sözügedən informasiya agentliyində ərazi bütövlüyümüzə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.

“RİA Novosti” agentliyi internet informasiya resursunda ölkənin ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozub və həmin qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb”, – məlumatda bildirilib.