Riçard Hoqland: Moskva Azərbaycan tam qələbəyə yaxın olanda müdaxilə etdi

  • By admin
  • 05 Aprel 2021 14:03

“Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq”

“Dövlət Departamentində 30 illik fəaliyyətimdən sonra bu yaxınlarda təqaüdə çıxanda, məndən rica etdilər ki, Minsk qrupunun ABŞ-dan olan keçid həmsədri kimi 2017-ci ilin yanvarından sentyabrınadək diplomatik xidmətə qayıdım. Çünki amerikalı həmsədr özəl sektorda başqa işə keçdiyi üçün vəzifəsini qəflətən tərk etmişdi…”

Bu fikirlər ATƏT-nin Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunan məqaləsində yer alıb.

Riçard Hoqland məqaləsində sual edir ki, Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsindən sonra ATƏT-in Dağlıq Qarabağ tənzimləməsində hər hansı rolu qalırmı?

O, öz sualına “baxır sualı hansı tərəfə verirsiniz”,-deyə yazır.

Məqaləni AzadliqRadiosu tərcümə edib.

Diplomat hesab edir ki, ATƏT-in Minsk qrupunun işinin davam etdirilməsi Yerevana Dağlıq Qarabağın yekun statusunun həlli üçün lazımdır:

“Amma Bakı bunun tamamilə əksini düşünür və bidlirir ki, Dağlıq Qarabağ onun tərkib hissəsidir və bu, həmişə belə olacaq. Bu ziddiyyət əslində ATƏT-in Minsk qrupunun lap əvvəldən üzləşdiyi barışmazlıqdır.

Keçmiş amerikalı həmsədri Riçard Hoqland xatırladır ki, bu vəzifəyə gəlməzdən əvvəl tərəddüd edib, çünki Minsk qrupunun həmsədri vəzifəsi karyera etmək vəzifəsi yox, gözləmə vəzifəsidir:

“Yəni diplomatlar bu vəzifədə adətən daha yüksək vəzifəyə gedənədək vaxt keçirirlər”. Ancaq diplomat bütün bunlara baxmayaraq “maaşlı vəzifəsinə” vicdanla yanaşdığını yazır.

O, rusiyalı həmsədr Popovla sensasiya doğuracaq bir söhbətini xüsusi vurğulayır:

“Uzun illər ərzində ATƏT Madrid Prinsiplərini – Dağlıq Qarabağ münaqişəsinin yekun həlli və Dağlıq Qarabağ əhalisinə öz müqəddəratını təyinetmə hüququ verəcək yol xəritəsini formalaşdırmışdı. Həmsədr olduğum dövrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin həlli üçün öz planını açıqlamışdı. Dərhal “Lavrov planı” adını qazanan bu təklif mövcud Madrid Prinsiplərinə xeyli oxşar idi. Amma bizə xəbərdarlıq edilmişdi ki, bunu sadəcə olaraq “masa üstündəki plan” adlandıraq”. “Lavrov planı” adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər Yerevan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”.

İqor Popov

İqor Popov

Riçard Hoqland bildirir ki, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişələrdən biridir:

“Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir özəl birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub. Moskvanın bu münaqişələrin həll olunmasını istəməməsinin də müxtəlif səbəbləri var, amma bunların ən əsası həmin ölkələrin “şimaldakı böyük ayının mağarasından” çıxmasına imkan verməməkdir”.

“Mən şəxsən belə bir qənaətə gəlmişdim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə həll edə bilər. Hərçənd bu qənaətimi heç vaxt açıq bildirmədim”,- Hoqland belə yazıb.

II Qarabağ müharibəsinə toxunan diplomat hesab edir ki, Moskva Azərbaycan tam qələbəyə yaxın olanda müdaxilə etdi:

“2020-ci il müharibəsi zamanı Minsk qrupu həmsədrlərinin paytaxtları bir neçə dəfə atəşkəsə çağırsalar da, bu atəşkəslər bir neçə saat da davam etmədi. Moskva indiki vəziyyəti yalnız o vaxt yaratdı ki, Azərbaycanın bütün ərazisini geri alacağı görünürdü”.

Diplomatın sözlərinə görə, Moskva bu münaqişəni sonadək həll edə bilərdi, lakin o, faktiki olaraq müstəqil Azərbaycanın ərazisinə SSRİ dağılandan bəri ilk dəfə özünün sülhməramlı qoşununu yeritdi:

“İndi Cənubi Qafqazın hər üç ölkəsində müxtəlif ampulada Rusiyanın qoşunları var. Rusiya beləliklə özünün “xüsusi nüfuz dairəsini” qoruyub saxlaya bildi”.

Məqaləsinin sonunda diplomat ümid edir ki, ATƏT-in Minsk qrupu bəlkə də yeni yanaşma və düşüncə ilə öz rolunu saxlaya bilər:

“Söhbət hazırda keçmiş münaqişə zonasında infrastrukturun bərpasından, yeni yollardan, kommunikasiyaların açılmasından gedir. Minsk qrupu bu işlər üçün Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alınmasında rol oynaya bilər. Bunu etmək, xüsusilə də “regionun çətin qonşuları” İran və Türkiyə də bu cəhddə öz rollarını oynamaq istəsələr, çox çətin olacaq. Minsk qrupu öz missiyasını yenidən müəyyənləşdirə bilməsə, çox təəssüf, beynəlxalq diplomatiyadan kənarda qalacaq”.

Gununsesi.info