Radik İsayev Azərbaycana ilk qızıl medal qazandırdı və beləliklə, Azərbaycanı "Rio-2016"da 39-cu yerə yüksəltdi- YENİLƏNİB

  • By admin
  • 21 Avqust 2016 07:15

radik-1

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq. Gununsesi.info-nun məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb – 11:2.

Təmsilçimiz 1/4 finalda Arman-Marşal Silla (Belarus) – Dongmin Ça (Cənubi Koreya) cütünün qalibi ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, çıxışını başa vuran taekvondoçularımızdan Milad Beiqi Harşeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar. Fəridə Əzizova (67 kq) isə yarışı 5-ci yerdə bitirib.

***

 Taekvondoçumuz Radik Isayev dörddəbir final mərhələsində gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Yarımfinalda təmsilçimiz Radik İsayev iranlı Sajjad Mardani – böyük britaniyalı Mahama Ço qarşılaşmasının qalibi ilə döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 00:45-də başlayacaq.

***

Bir az öncə Radik İsayev yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşdən də qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib. Bununla da idmançımız ən az “Rio-2016″nın gümüş medalını təmin edib.

Final döyüşü Bakı vaxtı ilə saat 01:45-də başlayacaq.

***

Radik İsayevin final qarşılaşmasındakı rəqibi bəlli olub. Təmsilçimiz qızıl medal uğrunda döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Nigeriya) ilə qarşılaşacaq.

Son məlumata görə, Azərbaycan idmançısının final döyüşü Bakı vaxtı ilə saat 05:15-də başlayacaq.

***

Səhər saatlarında


Radik İsayev “Rio-2016” da Azərbaycanın hesabına ilk qızıl medal yazdırıb.

Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib – 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.

Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Gununsesi.info