Riqada Moskva küçəsinin adı dəyişdirildi

  • By admin
  • 22 Fevral 2024 10:32

Riqa Şəhər Şurasının deputatları səs çoxluğu ilə Latviyanın paytaxtında ikinci ən uzun küçə olan Maskavasın (Moskovskaya) adının dəyişdirilməsi barədə qərar qəbul ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” onlayn portalı məlumat yayıb.

Riqanın ikinci ən uzun küçəsi olan Maskavas küçəsinin adının dəyişdirilməsi qərarını 60 şəhər deputatından 38-i dəstəkləyib.

Bundan sonra həmin küçə Latqales, onun bir hissəsi isə Lastadijas adlandırılacaq.

Riqa Şəhər Şurası rus yazıçı və şairlərinin adını daşıyan bir sıra başqa küçələrin – Puşkinin, Lermontov, Turgenev, Qoqolun adlarının dəyişdirilməsini də dəstəkləyib.

Adın dəyişdirilməsi layihəsini təqdim edən Riqa şəhərinin vitse-meri Edvards Ratnieks bildirib ki, küçə adları Rusiya işğalını xatırladır və işğalçı dövlətlə bağlıdır. O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı cəmiyyətdə adların dəyişdirilməsi də dəstəklənir.

Qeyd edək ki, Riqanın Maskavas küçəsi 1851-ci ildən bu addadır. Lakin 1938-ci ildən 1940-cı ildə Sovet işğalına qədər adı dəyişdirilərək Latqales (Latviyanın tarixi bölgəsinin adı ilə) adlandırılıb.

Əvvəllər adın dəyişdirilməsi yerli ictimai təşkilatlar, eləcə də Dövlət Dili Mərkəzi, Seymin deputatları və tarixçilər tərəfindən dəstəklənirdi.

Xatırladaq ki, 2022-ci ildə Riqa Şəhər Şurası Rusiya səfirliyinin yerləşdiyi Kalpaka bulvarı ilə Rerix küçəsi arasında yerləşən Antoniyas küçəsinin adını dəyişərək Ukraynanın müstəqilliyi küçəsi adlandırıb.

Gununsesi.info